Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC iyunun əvvəlində "Şimal" elektrik stansiyasında ikinci buxar qaz qurğusunun tikintisi ilə bağlı təkrar tender keçirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı SC-dən bildiriblər. "Azərenerji" SC-dən verilən məlumata görə, öncəki tenderin nəticələri təkliflər uyğun olmadığına görə təxirə salınıb.
Təkliflərin qiymətləndirilməsi layihə üzrə məsləhətçilər - TEPSCO (Yaponiya) - Enprima (Finlandiya) konsaltinq şirkətləri alyansı ilə birgə aparılıb. Bu şirkətlərə Azərbaycanın "Qlobus" şirkəti yardım edir.
Tenderdə iki şirkət - Yaponiyanın Mitsui (birirnci buxar qaz qurğusunu tikib) və Çinin CNEEC şirkəti iştirak edib. Üçüncü - Koreyanın "Bumjin Korporasiyası" müvafiq sənədləri zamanında təqdim etməyib.
Tikinti işləri bu ilin üçüncü rübündə başlamalı idi. "Azərenerji" layihələndirmə, tikinti, montaj, sınaq, buraxılış və "Şimal" elektrik stansiyasında nominal gücü 400 MVt olan buxar-qaz qurğusunun istismara verilməsi, 220 kv gücündə 4 EÖX-nin və 220/110 kv gücündə yarımstansiyanın tikilməsi ilə bağlı tender elan etmişdi. Layihənin icra müddəti 27 aydır.
Yaponiyanın JBIC bankı ikinci buxar-qaz qurğusunun tikintisinə 29,27 mlrd. ien dəyərində güzəştli kredit ayırır.
Bu kredit 10 il güzəşt dövrü olmaqla 40 il müddətinə illik 0,75 faizlə verilir. Stansiyada 400 MVt gücündə olan bir buxar-qaz qurğusu artıq mövcuddur. Bunu Yaponiyanın Mitsui/Mitsubishi şirkəti tikib.