Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "BP Azerbaijan" şirkəti "Şahdəniz" yatağında sutkalıq qaz hasilatını 14,2 mln. kubmetrədək artırıb. Şirkətdən verilən məlumata görə, hasilat artımı Türkiyə tərəfinin qazı qəbul etməyə başlaması ilə bağlıdır. Hazırda yataqda üç quyu fəaliyyət göstərir. Oktyabrda yataqda dördüncü quyunun da istismara verilməsi planlaşdırılır.
Hazırda BP-nin texniki operatoru olduğu "Şahdəniz" yatağında sutkalıq hasilat 500 mln. kub fut (təxminən 14,2 mln. kubmetr) qaz və 30 min barel kondensat təşkil edir.
Qalan quyular istismara verildikcə il ərzində hasilat həcmi artacaq. Bu il həmçinin platformada yeni quyuların qazılmasına başlanılacaq.
2007-ci ildə BP yataqda orta hesabla sutkada 63 min. barel neft ekvivalenti (yaxud da 2,7 mlrd. kubmetr qaz və 0,8 mln. ton kondensat) hasil etməyi planlaşdırır. Mərhələ -1 üzrə sabit hasilat dövründə yataqdakı hasilat ildə 8,6 mlrd. kubmetr qaz və təxminən sutkada 30 min barel kondensat təşkil edəcək.