Bakı. Trend:
Daim Koprorativ Sosial Məsuliyyət (KSM) layihələrinə böyük yer ayıran PAŞA Sığorta şirkəti bu dəfə PAŞA Holdinqin dəstəyi və 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə işə ehtiyacı olan və gəliri olmayan analara yönəlik yeni “Zərif Əllərin Gücü” adlı layihəsinə başlayır.
PAŞA Sığortadan Trend-ə verilən məlumata görə, şirkət bu layihəni WoWoman cəmiyyəti ilə birgə reallaşdırmağa qərar verib və 2019-cu ilin fevral ayında qeyd olunan layihənin icrası üçün şirkətlər arasında saaziş imzalanıb. Saazişin imzalandığı görüş zamanı PAŞA Sığorta şirkətini təmsil edən Marketinq və İctimaiyyətlə Əlaqələr departamentin rəhbəri Nuranə Teymurova və Wowoman cəmiyyətinin təsisçisi Zərəngiz Hüseynova layihənin detallarını müzakirə edib gələcək planlar barədə danışıqlar aparıblar.
Qeyd edək ki, WoWoman Zərəngiz Hüseynova tərəfindən xanımlar üçün yaradılan və onları arzularına, məqsədlərinə çatmaqda dəstək olan inkişaf platformasıdır. Yaranmasından keçən 4 il ərzində, cəmiyyətin müraciət sayı 25 mini, təlim və kurslarda iştirak edən xanımların sayı isə 8 mini ötmüşdür. Məhz bu səbəbdən PAŞA Sığorta şirkəti adı çəkilən layihənin Wowoman ilə birgə reallaşdırmağa qərara alıb.
“Zərif Əllərin gücü” layihəsi çərçivəsində 35-40 nəfər işə ehtiyacı olan analar tamamilə yeni bir həyat və iş ilə təmin olunacaq. Maraqlı olan xanımlar xüsusi müraciət formasını dolduraraq layihədə iştirak edə bilərlər. Müraciət üçün son tarix 4 apreldir.
Qeyd olunan tarixə kimi daxil olan bütün müraciətlər nəzərdən keçiriləcək və seçilmiş xanımlar xüsusi müsahibəyə dəvət olunacaqlar. Müsahibəni uğurla keçən 35-40 layihə iştirakçısı 2 ay ərzində intensiv olaraq dərzilik və eskiz çəkmə kurslarında iştirak edəcəklər. Bu ixtisas kursları ilə paralel iş həyatına başlamaq üçün xanımlara “Ünsiyyət bacarıqları”, “Müştəri Məmnuniyyəti”, “Biznes danışıqların aparılması”, “Təqdim etmə bacarıqları” mövzularında şəxsi inkişaf təlimləri keçiriləcək. Təlimləri uğurla bitirən iştirakçılar təcrübəyə və işə yönləndiriləcəklər.
Qeyd edək ki, layihənin əsas hədəf kütləsi gəliri olmayan analardır. Bununla yanaşı müraciət edənlərin işləməyə, şəxsi inkişafı üzərində çalışmağa və dərziliyə də həvəsi olmalıdır.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.