Bakı. Fərid Zöhrabov - Trend:
Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır.
Trend-in məlumatına görə, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır.
Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda ABA adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir.
Nəzərinizə çatdırırıq ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur.