...

Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozlarını yüksəldib

Maliyyə Materials 19 Yanvar 2026 14:23 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozlarını yüksəldib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2025-ci ildəki 3,3 faizlə müqayisədə, 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz səviyyəsində dayanıqlı qalacağını gözləyir.

Trend bu barədə BVF-nin “World Economic Outlook 2026” hesabatının yanvar buraxılışına istinadən məlumat verir.

“BVF 2026-cı il üzrə proqnozlarını yüksəldib, 2027-ci il üzrə isə onları “World Economic Outlook 2025” hesabatının oktyabr buraxılışı ilə müqayisədə dəyişməz saxlayıb. İlk baxışdan sabit göstəricilər ziddiyyətli amillər arasında tarazlığın nəticəsini əks etdirir: dəyişən ticarət siyasətindən irəli gələn mənfi təsirlər əsasən Şimali Amerika və Asiyada süni intellekt də daxil olmaqla texnologiyalara artan investisiyaların stimullaşdırıcı təsiri, həmçinin fiskal və monetar dəstək, əlverişli maliyyə şəraiti və özəl sektorun yüksək adaptasiya qabiliyyəti ilə kompensasiya olunur”,- deyə hesabatda qeyd olunur.

BVF inkişaf etmiş iqtisadiyyatlarda artımın 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz olacağını proqnozlaşdırır. ABŞ-da iqtisadiyyatın 2026-cı ildə 2,4 faiz artacağı gözlənilir; bu artım fiskal siyasət və əsas faiz dərəcəsinin azaldılması ilə dəstəklənir, yüksək ticarət baryerlərinin təsiri isə tədricən zəifləyir.

“Oktyabr hesabatı ilə müqayisədə proqnozun 0,3 faiz-bənd artırılması 2025-ci ilin üçüncü rübündə ÜDM üzrə gözləniləndən daha güclü göstəricilərlə, həmçinin 2026-cı ilin birinci rübündə 2025-ci ilin dördüncü rübündə federal hökumətin fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra iqtisadi aktivliyin bərpası və bununla bağlı ötürülmə effekti ilə izah olunur. 2027-ci ildə artımın 2 faiz səviyyəsində qalacağı gözlənilir; bu, “One Big Beautiful Bill Act of 2025” qanunu çərçivəsində korporativ investisiyalar üçün vergi güzəştləri vasitəsilə qısamüddətli fiskal stimullaşdırma ilə dəstəklənəcək.

İnkişaf etməkdə olan iqtisadiyyatlarda artımın 2026 və 2027-ci illərdə 4 faizdən bir qədər yüksək səviyyədə qalacağı gözlənilir.

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində isə 2025-ci ildə 3,7 faiz olan artımın 2026-cı ildə 3,9 faizə, 2027-ci ildə isə 4 faizə yüksələcəyi proqnozlaşdırılır. Buna neft hasilatının artması, dayanıqlı daxili tələbat və həyata keçirilən islahatlar töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti