...

"Fitch" Azərbaycanda "Basel III" standartlarının kreditləşməyə təsirləri barədə bəhs edib

Maliyyə Materials 20 Yanvar 2026 17:26 (UTC +04:00)
"Fitch" Azərbaycanda "Basel III" standartlarının kreditləşməyə təsirləri barədə bəhs edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Ratings” Azərbaycanda “Basel III” standartlarının tətbiqinin kreditləşmənin dinamikasına və ya sektor üzrə kredit portfelinin strukturuna əhəmiyyətli dərəcədə təsir göstərəcəyini gözləmir.

Trend xəbər verir ki, bunu “Fitch”in EMEA regionu bank reytinqləri üzrə direktor müavini Maksim Maliutin çərşənbə axşamı keçirilən vebinarın gedişində deyib.

“Bizim nöqteyi-nəzərimizdən, banklar pərakəndə seqmentdə kreditləşmənin artımını davam etdirəcək, korporativ portfel isə əvvəlki kimi ticarət və xidmət sektorunda cəmləşəcək ki, bu da struktur özəlliyi hesab olunur. Yerli banklar neft-qaz şirkətlərini aktiv şəkildə kreditləşdirmir və əsasən ticarət və xidmət sahələrinə yönəlib. Onun üçün də, burada əhəmiyyətli təsir gözləmirik”, – deyə Maliutin qeyd edib.

O əlavə edib ki, bir çox banklar artıq “Basel III”ün yeni tələblərini yerinə yetirmək üçün əlverişli mövqedədir, çünki onların kapitalı kifayət qədər dayanıqlıdır.

“Kiçik banklar arasında ayrı-ayrı hallar mümkündür, lakin sektorun iri oyunçularından danışsaq, onlar demək olar ki, tam hazırdırlar”, – deyə o izah edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib.

Sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr “Bazel III” standartlarına uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait yaradacaqdır.

“Basel III” - Bank Nəzarəti üzrə Bazel Komitəsinin bank tənzimlənməsi sahəsində metodoloji tövsiyələri ehtiva edən sənəddir və 2010–2011-ci illərdə təsdiq olunub.

Bazel Sazişinin üçüncü mərhələsi 2000-ci illərin sonlarında baş vermiş maliyyə böhranı zamanı üzə çıxan tənzimləmə ilə bağlı nöqsanların aradan qaldırılması üçün hazırlanıb. “Basel III” bankların kapital tələblərini sərtləşdirir və likvidlik üzrə yeni normativ tələblər tətbiq edir. Sazişin əsas məqsədi bankçılıqda risklərin idarə olunmasının keyfiyyətini artırmaqdır ki, bu da öz növbəsində maliyyə sisteminin ümumi sabitliyinin möhkəmlənməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti