Bakı. Trend:
COP29 problemlərin həlli yollarını tapmaq və qlobal səviyyədə bu problemləri necə həll etməyimiz, həll yollarına necə sərmayə qoyduğumuz, hər kəsə hansı texnologiyanı gətirməli olduğumuz barədə razılığa gəlməyimiz üçün çox vacib bir fürsətdir.
Bu barədə Trend-ə özəl açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat deyib.
O qeyd edib ki, su çox sayda insan üçün vacib həyat və dolanışıq mənbəyidir.
“Əslində, heç birimiz üçün susuz həyat yoxdur. Biz sudan danışırıq, suyun səmərəliliyindən danışırıq. Su səmərəliliyi dedikdə nəyi nəzərdə tuturuq? Su səmərəliliyi az su istifadə etməklə eyni və ya daha çox miqdarda qida və ya hər hansı digər məhsul istehsal etməkdir. Hamımızın nəzərdən keçirməli olduğu çox vacib bir məsələdir odur ki, biz kənd təsərrüfatında sudan necə istifadə edirik.
Ona görə də biz bu məsələlərə başqa prizmadan baxmalıyıq. COP29 bunun üçün əhəmiyyətli bir platforma olacaq. Biz suya bəşəriyyət olaraq sahib olduğumuz ən qiymətli sərvətlərdən biri kimi baxmalıyıq və təkcə özümüz istifadə etməməliyik, həm də onu gələcək nəsillərimiz üçün qoruyub saxlamalıyıq”,- deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.