Bakı. Trend:
Cənubi Qafqaz ESG-yə yanaşma qavrayışını dəyişdirməlidir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regional eksperti Boris Cancaliya "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.
"Cənubi Qafqazda bir sıra ümumi çağırışlar mövcuddur. Əsasən, bu, yanaşmanın qavrayışı ilə bağlıdır: regionda ESG çox vaxt əlavə yük və tələblər kimi qəbul edilir, bu da onun tətbiqini məhdudlaşdırır. Lakin ESG, eyni zamanda, yeni imkanlar da deməkdir.
İkinci mühüm çağırış kiçik və orta biznesdir (KOB), bu, regionun iqtisadiyyatında əsas rol oynayır. KOB-lar milli iqtisadiyyatlara mühüm töhfə verirlər, buna görə də onların ESG-yə keçidini dəstəkləməyə yönəlmiş səylər vacibdir. Burada sərt tənzimləyici tələblərin tətbiqi biznesə zərər verə bilər, buna görə də KOB-lar üçün mərhələli və addım-addım yanaşma tələb olunur. Əvvəlcə könüllü tədbirlərdən başlamaq lazımdır, sonra şirkətlərin hazır olmasına uyğun olaraq daha sərt tələblərə keçmək olar.
Bu proses ehtiyatlı yanaşma və bizneslə, həmçinin, sahə ilə sıx əməkdaşlıq tələb edir. Maliyyə institutları burada əsas rol oynayır, çünki onlar müştərilərlə işləyir, onların ehtiyaclarını və problemlərini başa düşürlər", - ekspert qeyd edib.