Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
COP29 ümid Sammitidir.
Trend xəbər verir ki, bunu “War on Want” təşkilatının direktoru, britaniyalı fəal Asad Rehman "İqlim ədaləti uğrunda qlobal kampaniya" mövzusunda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, insan hüquqlarının və ədalətin təmin edilməsi bərabərlik və hörmətə əsaslanan cəmiyyətin inkişafı üçün vacibdir.
“Biz burada ümid və ədalətə sadiq qalaraq, bir araya gəlmişik və bu mesajların bütün dünyada eşidilməsini istəyirik. Biz görürük ki, müasir çağırışlar – ədalət axtarışı, insan hüquqlarının və qanunun aliliyinin qorunması kimi əsas dəyərlər bütün xalqlar üçün hələ də ən vacib təməl prinsiplərdir. BMT və Beynəlxalq məhkəmələr tərəfindən tanınan beynəlxalq hüquq bizi qlobal sülh, insan hüquqları və cavabdehlik üçün fəaliyyətə çağırır. Bu prinsiplər bizi birləşdirən universal dəyərlərdir və daha yaxşı gələcək üçün meyar rolunu oynayır”, – o bildirib.
"Biz sülh və əməkdaşlıq səylərini dəstəkləyirik. Qlobal vətəndaş cəmiyyətinin nailiyyətləri və müxtəlif ölkələrin insan hüquqlarının müdafiəsinə verdiyi töhfə birgə hədəflər uğrunda birləşəndə əldə edilən tərəqqini nümayiş etdirir. Biz bilirik ki, BMT kimi beynəlxalq institutlar bu prinsipləri qorumaq üçün yaradılıb və onları dəstəkləməkdə qərarlıyıq. Bu COP sammiti ümid sammitidir. O, ölkələr və xalqlar üçün iqlim ədaləti və sülhə nail olmaq istiqamətində səyləri birləşdirmək üçün bir fürsətdir. Sammit qlobal çağırışların öhdəsindən gəlməkdə həmrəylik və əməkdaşlığın vacibliyini əks etdirir", – A.Rehman əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.