Bakı. Trend:
Biz karbon bazarına cavabhdeh olmaqla yanaşı, həm də xarici maraqlı tərəflər qarşısında məsuliyyət daşıyırıq və biz bütün bu maraqları balanslaşdırmağa və əks etdirməyə çalışmışıq.
Trend xəbər verir ki, bu barədə Paris Sazişinin Kreditləşmə Mexanizmi maddə 6.4 nəzarət orqanı sədrinin müavini Martin Hession “UNFCCC: Paris Sazişinin Kredit Mexanizmi ilə Karbon Bazarlarında Dürüstlüyün İnkişafı” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, əsas məqsəd effektiv mexanizm təqdim etməkdir, nəinki kompensasiya etmək, həmçinin, indi olduğumuz yerlə hədəflərimiz arasındakı fərqi aradan qaldırmaqdır.
“Biz bunu çox konkret üsullarla həll edirik. Effektivlik əsas xüsusiyyətdir. Amma biz həm də ədalətli və məsuliyyətli olmalıyıq. Bəziləri üçün bu, çox iddialıdır. Digərləri üçün bu, kifayət qədər iddialı deyil. Amma hesab edirik ki, bizə verilən mandatı yerinə yetirmək üçün əlimizdən gələni etmişik”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.