...

COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 09:56 (UTC +04:00)
COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “Hədəflərin əlaqələndirilməsi: həyata keçirilə bilən və investisiyaya hazır müəyyənləşdirilmiş milli töhfələr” mövzusunda panel diskussiya təşkil edilib.

Trend xəbər verir ki, paneldə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BMT-nin İnkişaf Proqramı (UNDP), Netto Sıfır uğrunda Qlazqo Maliyyə Alyansı (GFANZ), eləcə də Qazaxıstan, Almaniya və Filippin rəsmiləri çıxış ediblər.

İlk olaraq diqqətə çatdırılıb ki, müəyyənləşdirilmiş milli töhfələr 2015-ci il Paris İqlim Sazişi çərçivəsində qlobal istiləşmənin məhdudlaşdırılması məqsədilə dövlətlərin fərdi qaydada müəyyənləşdirdiyi ətraf mühitin mühafizəsi hədəfləridir və bu hədəflərin implementasiyası diqqət mərkəzində saxlanmalı, onlar yeni iqlim çağırışlarına uyğunlaşdırılmalıdır.

Çıxış edən natiqlər Paris Sazişinin hədəflərinə nail olmaq üçün uğurlu təcrübələrin bölüşülməsi, multilateral əməkdaşlığın gücləndirilməsi, milli qanunvericiliyin bu hədəflərin reallaşdırılması üçün uyğunlaşdırılması ilə bağlı fikirlərini səsləndiriblər. Paneldə istixana qazlarının azaldılması səyləri üzrə inklüziv forum çərçivəsində iqtisadi analizlərin təhlili və hökumətlərin öhdəlikləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə, həmçinin emissiyaların məhdudlaşdırılması, yaşıl texnologiyaların dəstəklənməsi və innovativ infrastukturların inkişafı naminə iqlim maliyyəsi ilə bağlı yeni çərçivə razılaşmasının vacibliyini vurğulanıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti