...

IGB operatoru dayanıqlı inkişaf prinsiplərinin öz fəaliyyətinə inteqrasiyası haqda

Yaşıl iqtisadiyyat Materials 22 Aprel 2025 13:13 (UTC +04:00)
IGB operatoru dayanıqlı inkişaf prinsiplərinin öz fəaliyyətinə inteqrasiyası haqda
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti uzunmüddətli ekoloji praktikalar gerçəkləşdirməklə, öz fəaliyyətinə dayanıqlı inkişafı inteqrasiya etdirmək strategiyasını davam etdirir.

Bu barədə Trend ICGB istinadən xəbər verir.

“Öz ekoloji və sosial idarəetmə sistemləri çərçivəsində ICGB şirkəti IGB qaz kəmərinin marşrutu boyunca ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyətli yanaşmalar tətbiq etməyə davam edir. Bura uzunmüddətli monitorinq və meşələrin, otlaqların, sahilyanı zonaların, yerli flora və fanunun, həmçinin təbii ekosistemlərin vəziyyətinin idarəolunması daxildir”, - şirkətdən bildiriblər.

Əsas təşəbbüslərdən biri Yunanıstanda həyata keçirilən meşə bərpası proqramıdır. Bu proqram çərçivəsində təbii mühitin bərpası və bioloji müxtəlifliyin dəstəklənməsi məqsədilə 30 mindən çox ting əkilməsi nəzərdə tutulur.

“Enerji sektorunun transformasiyası şəraitində ICGB kimi şirkətlər məsuliyyətli və ekoloji-yönümlü gələcəyin formalaşmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bir-birinə zidd olmamalı, əksinə, birgə şəkildə inkişaf etməlidir”, - şirkətdən qeyd olunub.

Qeyd edək ki, IGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsi sayılır. Qaz kəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışı təmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyini möhkəmləndirir.

Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrə qədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukrayna kimi vacib bazarlara etibarlı marşrutu təmin edir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti