Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" BM 2007-ci ildə telekommunikasiya sahəsində "İlin şirkəti" elan olunub. "Azercell"in mətbuat xidmətinin verdiyi məlumata görə, "Gülüstan" sarayında baş tutan mərasimdə Azərbaycan iqtisadiyyatının aparıcı şirkətləri bu nüfuzlu mükafata layiq görülüblər və 2007-ci ildə yaxşıların yaxşısı elan ediliblər. Mərasimdə əvvəlcə "İlin şirkəti" Milli Mükafatının tarixini əks etdirən qısa metrajlı film nümayiş etdirilib. Sonra "İlin şirkəti" Milli Mükafatının Təşkilat Komitəsinin rəhbəri İbrahim Baharov mükafatın məqsədlərindən danışıb. "Consulting & Business" jurnalının təsis etdiyi bu mükafatın əsas məqsədi özündə yüksək rentabelliyi, bazarda sabit mövqeyi və intensiv inkişafı ehtiva edən, maliyyə şəffaflığı və informasiyanın açıqlığı barədə beynəlxalq standartları əsas götürərək sərmayədarlar üçün aydın korporativ siyasət yürüdən şirkətlərin nailiyyətlərini qeyd etməkdir. Sonra biznesin müxtəlif sahələrində uğur qazanan şirkətlərə mükafatlar təqdim olunub. Bu kompaniyalar sırasında "Azercell Telekom" BM-nin adı ilk yerlərdə olub. "Azercell Telekom" telekommunikasiya sahəsində "İlin şirkəti" Milli Mükafatına layiq görülüb. Təqdimatdan əvvəl "Azercell"in fəaliyyəti və qazandığı uğurlara həsr edilmiş video çarx da nümayiş etdirilib. Mükafatı şirkətin Baş Müdiri Halim Ateş qəbul edib. "Mükafatları almaq bizi daha çox sevindirir, bizi daha da inkişafa meylləndirir. Necə ki, indiyə qədər bu cür mükafatlara layiq olmuşuqsa, ümid edirəm bundan sonra da layiq olmağa davam edəcəyik. Və bu günə qədər etdiyimiz kimi bundan da sonra hər şeyin ən yaxşısını edəcəyik. Çünki Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" - Atəş bildirib. "İlin şirkəti" biznes sahəsində Milli Mükafat ikinci dəfə təqdim olunur. Ötən il də "Azercell Telekom" BM ilin şirkəti elan edilib. Bu dəfə telekommunikasiya ilə yanaşı, təşkilatçılar maliyyə, sənaye, telerabitə və İT, nəqliyyat və tikinti, biznes xidmətləri, KİV, təhsil və tibb sahəsində müxtəlif şirkətlərə mükafat təqdim edilib.