Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir S.Babayeva/ Cümə axşamı Bakıda Azərbaycanda ilk milli axtarış portalı YUMROO™ - in (www.yumroo.az) təqdimatı keçirilib. Portalın həmtəsisçisi Anar Yolçuyevin verdiyi məlumata görə, hazırda portalın iki ay fəaliyyət göstərəcək sınaq beta-versiyası istismardadır.
"Bizim əsas məqsədimiz portalı istifadəçilərin İnternet-mühitə çıxış nöqtəsinə çevirməkdir", - Yolçuyev bildirib.
YUMROO™ - in beta-versiyası sonuncu xəbərləri, valyuta məzənnələrini, universal poçt xidmətlərini, bloqosahəni, hava proqnozunu və digər xidmətləri istifadəçilərə təqdim edir.
Portalın həmtəsisçisi Mikayıl Məmmədovun sözlərinə görə, portalın ilkin versiyasına axtarış funksiyaları, 1 Gb həcmində poçt qutusu, xəbərlər, diskussiya otaqları, bloqlar, müxtəlif məqalələr, fotoqalereya və valyuta məzənnələri daxildir.
Yaxın vaxtlarda portal mobil telefonlar üçün kontentləri, işə götürmə haqqında məlumatları, pulsuz onlayn-oyunları, milli messenceri, azərbaycanca-rusca-ingiliscə elektron lüğəti, avtomobillərin satışı haqqında elanları, qoroskop və portalın mobil versiyasını təqdim etməyi nəzərdə tutur. Planlara həmçinin İnternet-saytların, mal və xidmətlərin satışı üçün müxtəlif servislərin açılması daxildir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəyinə görə, ölkədə belə bir portalın yaradılmasına böyük zərurət var və şübhəsiz ki, bu, azərbaycanlı istifadəçi üçün sərfəli və əlverişli olacaq.
Portalın təsisçilərinin biznes-planına əsasən, ilin sonunadək onun istifadəçilərinin sayı sutkada 20 min nəfərə çatacaq.
Yumroo.az üç dildə yayımlanacaq - Azərbaycan, rus və ingilis dillərində.