...

"Barama" layihəsi çərçivəsində staj proqramı başa çatıb

Telekommunikasiya Materials 29 Oktyabr 2010 19:03 (UTC +04:00)
Qafqaz Universiteti tələbələrinin "Barama" innovasiya mərkəzindəki staj proqramı başa çatıb.
"Barama" layihəsi çərçivəsində staj proqramı başa çatıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Qafqaz Universiteti tələbələrinin "Barama" innovasiya mərkəzindəki staj proqramı başa çatıb.

Universitetin 10 tələbəsi "Azercell"in bu unikal proqramı çərçivəsində geniş araşdırma aparıblar. Onlar iki həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar.

Proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyələrini hazırlayıblar. Proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyələrini "Azercell Telekom" MMC-nin nümayəndələrinə təqdim ediblər.

Təqdimat mərasimindən sonra proqram iştirakçıları araşdırmanın gedişi və nəticələri ilə bağlı sualları cavablandırıblar. Mərasimdə çıxış edən "Azercell"in Strategiya və biznesin inkişafı şöbəsinin rəhbəri Aqşin Hacıyev bu staj proqramının tələbələrlə yanaşı, şirkət üçün də faydalı olduğunu bildirib. "Apardığınız araşdırmanın nəticələri çox maraqlı və faydalıdır. İnanıram ki, tədqiqat işinin sonunda ortaya çıxardığınız nəticələr və verdiyiniz tövsiyyələr şirkətimizin fəaliyyətində nəzərə alınacaq", - o deyib.

Tədbirin sonunda Qafqaz Universitetinin tələbələri diplomlarla təltif olunublar.

"Barama" ofisində tədqiqat aparmaqla yanaşı, tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçiblər. Tələbələr şirkətlərin üzləşdiyi məsələləri ətraflı tədqiq etdiklərinə görə həm də praktiki biliklərə yiyələniblər, bununla da geniş təcrübə qazanıblar. Başa çatan staj proqramı "Azercell"lə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb.

"Barama" layihəsi "Azercell"in təşəbbüsü ilə həyata keçirilir. Bu ofisdə informasiya kommunikasiya texnologiyaları sahəsinə marağı olan istedadlı gənclər öz təklif və ideyalarını gerçəkləşdirə bilirlər.

Xəbər lenti

Xəbər lenti