...

Azərbaycanın Rabitə Nazirliyi Skype internet telefoniyasının nizamlanması üzrə beynəlxalq təcrübəni öyrənir

Telekommunikasiya Materials 25 Fevral 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Skype internet telefoniyası xidmətinin normativ-hüquqi tənzimlənməsi üzrə beynəlxalq təcrübəni öyrənir. Bu barədə cümə günü Trend-ə nazirliyin İdarəetmə şöbəsinin müdiri Əliyar Tamirov deyib.

Tamirovun sözlərinə görə, IP-telefoniyanın bu növündə həyata keçirilən funksiyalar, kompyuterdən kompyuterə Skype-zənglərin ödənişinin olmaması, telefonla Skype zənglərinin haqqının həddən artıq aşağı olması ənənəvi telefon operatorları üçün müəyyən problemlər yaradır.

Söhbət yuxarıda göstərilən məsələlərlə bağlı ənənəvi telefon rabitəsi operatorlarının gəlirlərini xeyli azalmasından gedir.

"Xidmətin bu növünün tənzimlənməsi onun tam bağlanması demək deyil. Burada söhbət internet telefoniyadan istifadə zamanı iqtisadi hesablamaların aparılmasının müəyyən qayda və normalarının hazırlanmasından gedir", - Tamirov bildirib.

Nazirliyin Beynəlxalq rabitə və hesablamalar mərkəzinin direktoru Cəlil Cəfərovun sözlərinə görə, idarə Skype internet xidmətindən abonent nömrələrinə həyata keçirilən zənglərin trafikini izləmək üçün texniki imkanlara malikdir, bunu bilavasitə Skype üzrə iki istifadəçinin ünsiyyəti haqqında demək olmaz.

"Bu problem bu gün bir çox ölkələr, eləcə də dünyanın ən iri operatorları üçün xarakterikdir. Öz səylərinə baxmayaraq, onlar İnternet telefoniyasına nəzarət etmək və tənzimləmək iqtidarında deyillər", - Cəfərov bildirib.

Skype İP-telefoniya internet xidmətinin nizamlanması məsələsi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən qaldırılıb. Nazir prosesin izlənməsi və bu xidmətlərin tənzimlənməsi məsələlərinin həll edilməsinə dair tapşırıq verib.

İdarə IP-trafikə nəzarət məsələsinə internet-servis provayderlərini cəlb etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti