Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir H.Vəliyev/
Regional İnformasiya Texnologiyaları Akademiyası (RITA - Regional Information Technologies Academy) azərbaycanlı alimlərin Avropa İttifaqının "İnformasiya və kommunikasiya texnologiyaları" (ICT FP7) mövzusunda yeddinci çərçivə proqramının uğurlu layihələrinin hazırlanmasında iştiraka cəlb edilməsi üzrə iş aparır. Bu barədə cümə günü Trend-ə RITA-nın direktoru Tofiq Babayev məlumat verib.
Babayevin sözlərinə görə, Azərbaycan tərəfi ICT FP7-də iştiraka böyük maraq göstərir və bununla əlaqədar yaxın vaxtlarda Memarlıq və İnşaat, Dillər universitetlərində, eləcə də AMEA Kibernetika İnstitutunda bir sıra informasiya günlərinin təşkili planlaşdırılır.
"Maraqlanan elmi əməkdaşlara və təşkilatların nümayəndələrinə Avropa layihələrində iştirak etmək üçün məsləhətləşmələr təklif olunacaq. Bu yaxınlarda konfrans iştirakçıları 2010-cu ilin yekunu üzrə EXTEND layihəsi çərçivəsində nəzərdə tutulan işlərin uğurla yerinə yetirildiyini qeyd ediblər. Bu işlərə xarici ölkələrdə, o cümlədən Avropadakı diasporun da cəlb edilməsini tövsiyə ediblər. Bu məqsədlə biz artıq xaricdə çalışan alimləri EXTEND proqramının məqsədləri haqqında məlumatlandırmışıq və bu gün artıq 20 alimdən altısı əməkdaşlığa hazır olduqlarını bəyan edərək öz xidmətlərini təklif ediblər", - Babayev deyib.
Aİ iki il ərzində İKT sahəsində 11 istiqamətdə müəyyən olunmuş 53 mövzu üzrə elmi-təqdiqat fəaliyyətini maliyyələşdirməyə hazırdır. Babayevin sözlərinə görə, hər bir mövzu İT texnologiyalarının tətbiq oluna biləcəyi sahələri əhatə edəcək.
Buraya robot texnikası, səhiyyə, kosmik sənaye, nanotexnologiyalar, ətraf mühitin mühafizəsi, təhsil, beynəlxalq əlaqələndirmə, internet və digərləri daxildir.
"İyunun 16-17-də Tbilisidə EXTEND-in yekun konfransı keçiriləcək. Orada Azərbaycanın İKT sahəsində çalışan elmi təşkilatları da iştirak edə bilərlər. Bu məqsədlə biz nisbətən daha maraqlı ideyaların aşkarlanması üçün həmin təşkilatlar arasında müsabiqə elan etmişik. Daha maraqlı layihələr təqdim edəcək qurumlar konfransın işində iştirak etmək imkanı əldə edəcəklər", - Babayev bildirib.
EXTEND layihəsi Avropa İttifaqı, Şərqi Avropa və Cənubi Qafqaz ölkələri arasında İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsidir. Layihə dörd blokdan (Cooperation, Capacities, People və Idea) ibarətdir və praktiki olaraq elmin bütün sahələrini əhatə edir.
Layihənin Azərbaycandakı əlaqələndiricisi Regional İnnovasiya Texnologiyaları Akademiyasıdır. Azərbaycanda layihə 2011-ci ilin iyulunda başa çatacaq Aİ-nin elmi-tədqiqat və texnoloji inkişaf proqramının yeddinci çərçivəsində həyata keçirilir.
Azərbaycanda həyata keçirilən layihə 10 istiqamət üzrə bölüşdürülən "Cooperation" blokuna daxil edilib. Onun əsas istiqamətlərindən biri İKT sahəsidir. Layihə 2009-cu ilin yanvarında start götürüb və 2011-ci ilin iyulunda başa çatacaq. Layihənin əsas məqsədi İKT sahəsində fəaliyyət göstərən yerli müəssisələrə Avropa İttifaqının elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıqda kömək etməkdir.