Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasının işində iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Aprelin 26-dan mayın 13-dək Berndə (İsveçrə) keçiriləcək sessiya çərçivəsində Poçt Əməliyyatları Şurasının komissiya və qrupları ilə birgə rabitə departamentlərinin işçi qruplarının iclasının keçirilməsi nəzərdə tutulub.
Sessiya iştirakçıları poçt rabitəsi sektoru üzrə aktual məsələləri müzakirə edəcəklər. Вu sessiyanın sonunda ÜPİ Poçt Əməliyyatları Şurasının plenar iclasının keçirilməsi də nəzərdə tutulub, iclasda görülən işlərə yekun vurulacaq.
Azərbaycan ÜPİ-nin iki ali orqanının -İnzibati Şura və Poçt İstismarı Şurasının üzvüdür. ÜPİ-nin rəhbər orqanlarına üzvlük ölkəyə qurumun fəaliyyətinin əsas məsələləri ilə bağlı olan qərarların formalaşdırılmasına təsir göstərmək imkanı verir.