...

Azərbaycanın poçt operatoru "MasterCard"a üzv olacaq

Telekommunikasiya Materials 19 May 2011 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC yaxın aylarda beynəlxalq ödəniş sistemi "MasterCard"ın sıralarına daxil olacaq. Bu barədə Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi üzrə komissiyasının sədri Novruz Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, hazırda "MasterCard" ilə danışıqlar son mərhələdədir və bir ay ərzində razılıq əldə edilməli və müqavilə imzalanmalıdır.

"MasterCard"a qoşulmaq poçt operatoruna beynəlxalq ödəniş kartlarının emissiyasına başlamağa imkan verəcək. Paralel olaraq "Visa International" sistemi ilə danışıqlar aparılır. Məmmədovun sözlərinə görə, bu, adıçəkilən istiqamətdə aparılan işlərin ikinci mərhələsidir.

Ödəniş kartlarının emissiyası poçt operatoruna perspektivdə pensiya müavinətlərini verməyə başlamağa imkan verəcək.

"Məhz istifadəçilərin bu kateqoriyasına potensial müştəri kimi baxırıq. Lakin pensiyaların verilməsi üçün bankomatlar şəbəkəsinin olması lazımdır. Belə ki, poçt operatoru digər bankların qurğularından istifadə edərsə, bu, iqtisadi baxımdan sərfəli olmaz. Hazırda operator tərəfindən Bakı şəhərində 6 bankomat quraşdırılıb. İlin sonunadək "Azərpoçt"un hər bir mərkəzi rayon şöbəsində azı bir bankomatın quraşdırılması planlaşdırılır", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hər mərkəzi rayon filialını azı bir bankomatla təchiz etmək üçün (onların sayı 70 ədəddir) poçt operatoruna 1 milyon manatdan çox vəsait lazım olacaq.

Maliyyə bazarının bu seqmentinə daxil olmaqla, "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət yaradacaq. 2010-cu ilin sonuna olan vəziyyətə görə, hazırda Azərbaycanın bank sektorunda 44 bank fəaliyyət göstərir, onların filiallarının ümumi sayı 644 ədəddir. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600 ədədi üstələyir.

Xəbər lenti

Xəbər lenti