...

"Şərq-Qərb" informasiya supermagistralı layihəsinin mənzil-qərargahı Bakıda yerləşəcək

Telekommunikasiya Materials 12 İyul 2011 17:33 (UTC +04:00)
"Şərq-Qərb" informasiya supermagistralı layihəsinin iştirakçıları mənzil-qərargahı Bakıda yerləşəcək Daimi Katibliyin yaradılması məsələsini müzakirə edirlər.
"Şərq-Qərb" informasiya supermagistralı layihəsinin mənzil-qərargahı Bakıda yerləşəcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir H.Vəliyev/

"Şərq-Qərb" informasiya supermagistralı layihəsinin iştirakçıları mənzil-qərargahı Bakıda yerləşəcək Daimi Katibliyin yaradılması məsələsini müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, məsələ Azərbaycanın Qəbələ şəhərində keçirilən Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və Çinin aparıcı telekommunikasiya operatorlarının iştirak etdikləri görüş çərçivəsində müzakirə edilir.

Bu görüşün keçirilməsinin əsas aspektlərindən biri layihənin həyata keçirilməsinin gələcək strategiyasının müzakirəsi, iştirakçı ölkələrin gələcək birgə işi üzrə anlaşma memorandumunun hazırlanmasıdır.

Bir müddət əvvəl layihə üzrə işçi qrupunun rəhbəri İlyas Naibov-Əylislinin Trend-ə verdiyi məlumata görə, memorandum kifayət qədər mürəkkəb sənəddir, orada layihənin həyata keçirilməsi prinsipləri və strategiyası, iştirakçıların payı, tranzit siyasəti və ölkələrin tranzit tarifləri və s. öz əksini tapmalıdır. "Hazırda başlıca məsələ iştirakçı ölkələrin prinsipial razılığına nail olmaqdır və bütün sadalanan məsələlər qarşıdakı görüş çərçivəsində müzakirələrin əsas mövzusu olacaq", - o deyib.

Hazırda layihəyə cəlb edilmək üçün Gürcüstan və Ukrayna ilə də danışıqlar aparılır. Sonuncu məsələyə hökumətlərarası səviyyədə baxılır.

Yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti bu layihənin detallarını müzakirə etmək üçün Ukraynaya səfər edəcək.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Şərq-Qərb" transmilli informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın təqdim etdiyi təşəbbüsün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri də aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

"Şərq-Qərb" layihəsi ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti