...

Provayderlər Azərbaycanda internetin qiymətlərini azaltmalıdırlar - nazir

Telekommunikasiya Materials 29 İyul 2011 14:29 (UTC +04:00)
"Delta Telecom" tərəfindən beynəlxalq kanalların tariflərinin azaldılması provayderlərin internetin qiymətlərini azaltmasına gətirib çıxarmalıdır.
Provayderlər Azərbaycanda internetin qiymətlərini azaltmalıdırlar - nazir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda ilkin provayder "Delta Telecom" tərəfindən beynəlxalq kanalların tariflərinin azaldılması provayderlərin internetin qiymətlərini azaltmasına gətirib çıxarmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Lakin, onun sözlərinə görə, provayderlər hələlik bunu etməyə tələsmirlər.

Nazirin dediyi kimi, ilkin provayder tərəfindən tariflərin azaldılması bir ay əvvəl həyata keçirilib. Ona görə də hələ bir neçə ay gözləmək lazımdır. Lakin tariflər aşağı salınmazsa, nazirlik konkret tənzimləyici addımlar atacaq.

Bir müddət əvvəl rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin dediyi kimi, ilkin provayderin elan etdiyi tariflər istifadə qiymətlərinin iki dəfə azalmasına səbəb ola bilər. Bu, müəyyən müddətdən sonra hiss ediləcək.

İyulun 1-dən qüvvəyə minən "Delta Telecom"un beynəlxalq kanalların icarəsi üçün yeni tarifləri icarəyə götürülən buraxılış qabiliyyəti 100 Mbit/saniyədən çox olan hər əlavə alınan 1 Mbit/saniyə üçün 30 manat məbləğində (ƏDV-siz) müəyyən edilmiş dəyəri nəzərdə tutur.

Əvvəllər alınan əlavə 1 Mbit/saniyənin qiyməti 50 manat idi.

10 Gbit/s və daha yuxarı həcmdə trafiki icarə edən internet-servis provayderləri və iri korporativ istifadəçilər üçün hər bir 1 Mbit/saniyənin dəyəri ƏDV-siz 25 manata başa gələcək.

Xəbər lenti

Xəbər lenti