...

2015-ci ilədək Azərbaycan əhalisi yüksəksürətli internetlə təmin ediləcək

Telekommunikasiya Materials 12 Aprel 2012 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bütün respublika ərazisində genişzolaqlı internet xidmətlərinin genişləndirilməsinə yardım edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, məsələ respublikanın telekommunikasiya sahəsindəki şirkət və müəssisələrin rəhbərlərinin iştirakı ilə nazirlikdə müzakirə edilib.

Müzakirənin əsas mövzusu vətəndaşların genişzolaqlı internet və rabitə xidmətlərinin digər müasir növləri ilə təmin edilməsi məsələsi olub.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda, bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd edib.

Abbasov ilkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılmasını məqsədəuyğun sayıb, eyni zamanda, digər kənd və qəsəbələrin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyini vurğulayıb.

Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndiriməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunub.

Bu işlərə özəl sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti