Azərbaycan, Bakı, 3 may /Trend/
Aprelin 29-da Dənizkənarı Milli Parkda "Eurovision" müsabiqəsinin Azərbaycandakı rəsmi fan klubunun təşkilatçılığı və Azərbaycanın ilk 3G mobil operatoru olan "Nar Mobile"ın dəstəyi ilə geniş konsert proqramı təşkil edilib. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.
Konsertin əsas məqsədi beynəlxalq mahnı müsabiqəsi ərəfəsində insanlarda müsabiqəyə marağı və ruh yüksəkliyini artırmaq olub. Yüksək səviyyədə keçirilmiş konsertdə tanınmış müğənnilər - Emin Ağalarov, Ani Lorak, Diana Qurskaya, Anri Coxadze və digərləri öz ifaları ilə paytaxt sakinlərini valeh ediblər.
"Bu yaxınlarda biz "Nar Mobile" olaraq "Eurovision Azərbaycan" fan klubunun rəsmi sponsoru olduğumuzu elan etdik. Bu tərəfdaşlıq sayəsində aprel ayının sonunda Bakı sakinlərini qarşıdan gələn "Eurovision" mahnı müsabiqəsinə dəstək olmaq üçün möhtəşəm konsert də təşkil etdik. Şirkətimiz hər zaman Azərbaycanın tanınması üçün bu tipli konsertlərə və digər layihələrə öz dəstəyini əsirgəmir. Məhz bu siyasətin davamı kimi və "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar olaraq, bu ərəfədə "Nar Mobile" artıq bölgələrdə daha bir neçə konsert və layihəsini təqdim edəcək. Bütün bunlar vətəndaşlarımıza, xalqımıza olan sevginin bariz nümunəsidir", - şirkətin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.
"Nar Mobile" brendi ilə tanınan "Azerfon" şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.