Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan region ölkələri arasında telekommunikasiya bazarının inkişafı üzrə lider mövqe tutur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TeliaSonera" şirkətinin vitse-prezidenti Halim Ateş "BakuTel-2012" sərgisi çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda dördüncü nəsil şəbəkəni (4G) kommersiya istismarına verən ilk ölkədir.
Ateşin fikrincə, mobil rabitənin gələcəyi məlumatların ötürülməsi xidmətlərinin adı ilə bağlıdır.
"Yaxın gələcəkdə məlumatların ötürülməsi və səs xidmətləri IP platformasına köçürüləcək. Bu, operatorları özlərinin biznes modellərinə yenidən baxmağa məcbur edəcək. Buna görə də məlumatların ötürülməsi xidmətlərinə qoyulmuş və hazırda yatırılan investisiyalar texniki və texnoloji cəhətdən inkişaf edəcək", - o deyib.
Mətbuat konfransında çıxış edən "Azercell" şirkətinin prezidenti Kiril Qaburiç bildirib ki, gələn il 3G-yə qoşulmaların sayı iki dəfə artırılacaq. Şirkətin planlarına əhatə dairəsinin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daxildir.
"Ötən ay ərzində Bakı və Abşeron yarımadasında 3G-nin 160 yeni baza stansiyası istismara verilib. Ölkə iqtisadiyyatına investisiyaların həcmi 1 milyard dolları ötür. 4G-yə gəlincə, gələcəkdə inkişaf etdirməyi planlaşdırdığımız işçi şəbəkəmiz var", - Qaburiç qeyd edib.
Onun sözlərinə görə, təəssüf ki, 4G qoşulmalarının sayı 3G-yə nisbətən elə də çox deyil. Bu, yeni rabitə standartını dəstəkləyən qurğuların bazarda kifayət sayda olmaması ilə şərtlənir.
Rouminq xidmətləri tariflərinin azaldılması məsələsinə toxunan Qaburiç qeyd edib ki, yaxın vaxtlarda şirkət yeni layihə həyata keçirəcək. Bu layihə rouminq xidmətlərinə görə tariflərin xeyli azaldılmasını nəzərdə tutur.
Yeni, daha münasib tariflər 20-dən artıq tərəfdaş operatorun şəbəkələrində keçərli olacaq.