...

Azərbaycanın “Ultra” və Latviyanın “DPA” İT şirkətləri biometrik sistem sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 1 May 2013 11:39 (UTC +04:00)
Azərbaycanın “Ultra” və Latviyanın “DPA” İT şirkətləri arasında biometrik sistem sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycanın “Ultra” və Latviyanın “DPA” İT şirkətləri biometrik sistem sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir H. Vəliyev/

Azərbaycanın "Ultra" və Latviyanın "DPA" İT şirkətləri arasında biometrik sistem sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda bildirilir.

Məlumata görə, memorandum Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan-Latviya biznes forumu zamanı imzalanıb.

Memorandumda qəbul olunan planlara əsasən, ölkəmizdə biometrik xidmətin göstərilməsi və biometrik həllərin tətbiq olunmasında Azərbaycanın "ULTRA" və Latviyanın "DPA" şirkətləri arasında bilik və təcrübələrin mübadiləsi nəzərdə tutulub.

Bu sahədə daha çox təcrübəyə malik olan "DPA" şirkətinin əməkdaşları, xüsusən də həmin şirkətin meneceri Sanita Meijere "ULTRA" şirkətinin İnfrastruktur şöbəsinin direktoru Ruslan Romanenko və digər əməkdaşlarla müzakirələr apararaq layihənin Azərbaycanın iqtisadi-siyasi, habelə İT sahəsinin daha da inkişafına verdiyi töhfəni qeyd edib.

Forumda Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, informasiya-kommunikasiya texnologiyaları, təhsil, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Azərbaycan-Latviya iqtisadi-ticarət əlaqələri, ölkənin biznes və investisiya imkanları barədə məlumat verilib, həmçinin bu cür tədbirlərin dövlətlərarası əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki "ULTRA" şirkəti 14 illik tarixi ərzində beynəlxalq və yerli qurumların inkişafı sahəsində inteqrator şirkət kimi E-Təhsil, E-Sənəd Dövriyyəsi, ALİSA Elektron Kitabxana E-imza, E-bank, Elektron Notariat və s. proqramlarını tətbiq etməklə bazar payını genişləndirmiş və Avropa şirkətləri ilə konsorsium olaraq birgə fəaliyyət göstərməyə başlayıb.

Latviyanın qabaqcıl şirkətlərindən olan 1997-ci ildə yaradılmış "DPA" dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən "L-1 Identity Solutions" biometrik texnologiyasını təqdim edir. Bu sistem şəxsiyyətin tanınması üçün məlumatları yüksək səviyyədə identifikasiya etməyə şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti