...

BMT Baş Assambleyası Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Telekommunikasiya Materials 18 İyun 2013 16:55 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycana səfəri çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.
BMT Baş Assambleyası Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir H.Vəliyev/

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycana səfəri çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.

Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat verir ki, görüşdə 2013-cü ilin Azərbaycanda "İKT ili" elan edildiyini diqqətə çatdıran nazir ölkədə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən söz açaraq, İKT sahəsində həyata keçirilən milli və regional layihələrdən danışıb.

Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan "Europe Persia Express Gateway" (EPEG) layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu da vurğulayan nazir Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in artıq ixrac xidmətlərinə başladığını, ölkədə İKT sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzərində işlərin aparıldığını deyib.

Vuk Yeremiç Azərbaycanın BMT ilə əməkdaşlığının daha da genişlənməkdə olduğunu xüsusi qeyd edib.

BMT-də davamlı inkişafa dair müzakirələrdə enerji və informasiya texnologiyaları istiqamətlərinin əsas müzakirə mövzusu olduğuna da diqqət edən Vuk Yeremiç respublikamızın əldə etdiyi nailiyyətlərlə tanış olduğunu xatırladaraq, Azərbaycanın hər iki sektorda ciddi uğurlara imza atdığını bildirib.

Görüşdə, eyni zamanda, İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib, xüsusilə TASİM layihəsinin önəmi vurğulanaraq, BMT tərəfindən layihəyə göstərilən dəstək yüksək qiymətləndirilib, həmçinin bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti