Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan mobil rabitə operatoru "Azercell Telecom" sentyabrın dördündən abonentlərinə yeni ödəmə kartları təqdim edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda bildirilir.
Yeni ödəmə kartlarının üstünlüyü bundan ibarət olacaq ki, onların vasitəsilə "Azercell" şəbəkəsinin bütün abonentləri öz balanslarını artıracaqlar.
Məlumata görə, yeni kartlar 1,3, 5, 10, 25, 50 və 100 manatlıq nominallarla buraxılacaq. Abonentlərin, o cümlədən hazırda satışda mövcud olan köhnə tipli fakturalı xətt və Sim-Sim ödəmə kartlarının təyinatı üzrə istifadəsi mümkündür, eyni zamanda SimSim balansartırma kartları fakturalı xətt nömrələrinə də yüklənə biləcək.
Kartların istifadə müddəti (yalnız SimSim abonentləri üçün) belədir: bir manat nominallı kart üçün - 7 gün, 3 manat - 30 gün, beş manat - 60 gün, 10 manat - 90 gün. 25, 50, və 100 manatlıq nominala malik kartların istifadə müddəti isə 360 gün təşkil edir.
Fakturalı xətt sisteminə aid nömrələr üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənə bilər.