...

Azərbaycan Türkiyədə proqnozlaşdırma sistemlərinin monitorinqi stansiyasının quraşdırılmasına başlayır

Telekommunikasiya Materials 19 Noyabr 2013 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu Türkiyədə proqnozlaşdırma sistemlərinin monitorinqi stansiyasının quraşdırılmasına başlayır. Bu barədə çərşənbə axşamı Trend-ə institutun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, layihə İstanbulun Boğaziçi Universiteti ilə birgə reallaşdırılacaq. Eksperimental işlərə yaxın həftələrdə başlanacaq: "Türkiyə ərazisində iki stansiyanın işə salınması planlaşdırılır. İkinci stansiya yaxın vaxtlarda İzmirdə quraşdırılacaq. İşlər "9 Sentyabr" Universitetinin Seysmoloji Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçiriləcək".

Hazırda qeyri-adi hadisələrin proqnozlaşdırılması sistemləri stansiyası Türkmənistanda fəaliyyət göstərir. Eksperimental işlərin müsbət nəticələri perspektivdə Yunanıstan, Ukrayna, İtaliya, Makedoniya, Gürcüstan və s. kimi ölkələrdə monitorinq sistemlərinin əhatə dairəsini genişləndirməyə imkan verəcək.

Azərbaycan ərazisində bu istiqamətdə görülən işlərə toxunan T.Əliyev deyib ki, bu yaxınlarda Qazax rayonunda monitorinq sisteminin quraşdırılması üzrə işlər başa çatıb. Eksperimental işlər Balaxanı qəsəbəsində də həyata keçirilib. Sistemin quraşdırılması üçün 213 metr dərinliyində neft quyusu seçilib.

Azərbaycan ərazisində fəaliyyət göstərən stansiyaların ümumi sayı yeddi ədəddir. Onlar Qum adası, Neftçala, Naftalan, Siyəzən və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşir. Gələcəkdə Yalamada bir və Naxçıvan MR ərazisində iki stansiyanın quraşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti