...

Elektron Təhlükəsizlik Mərkəzi KİV-də kontentin oğurlanması probleminin həlli yolunu təklif edir

Telekommunikasiya Materials 4 Fevral 2014 17:30 (UTC +04:00)
Elektron KİV-lər rəqibləri tərəfindən oğurluq edilməsi və informasiya kontentinin vicdansızcasına istifadə edilməsi (copy-paste) problemini müstəqil şəkildə həll edə bilər.
Elektron Təhlükəsizlik Mərkəzi KİV-də kontentin oğurlanması probleminin həlli yolunu təklif edir

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/

Elektron KİV-lər rəqibləri tərəfindən oğurluq edilməsi və informasiya kontentinin vicdansızcasına istifadə edilməsi (copy-paste) problemini müstəqil şəkildə həll edə bilər. Bunu Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin şöbə müdiri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, Mərkəz informasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında hərtərəfli kömək etməyə, belə problemlərin arzuolunmaz nəticələrinin qarşısını almaq üçün konsultasiya xidmətləri və zəruri tövsiyələr təqdim etməyə hazırdır.

R.Əliyev qeyd edib ki, informasiyanın mənbəyini müəyyənləşdirmək məqsədi ilə Tynt.com saytının xidmətlərindən istifadə etmək olar: "Bu servis hansı saytlarda (o cümlədən sosial şəbəkələrdə) bu və ya digər informasiyanın yayılması haqqında məlumat əldə etməyə imkan verəcək. Elektron KİV-lərin üzləşdiyi ən geniş yayılmış problem rəqibləri tərəfindən informasiyanın oğurlanmasıdır. Bu tapşırığı həll etmək üçün Hyperspin.com və ya Site24x7.com monitorinq saytlarının xidmətlərindən istifadə etməyi tövsiyə edirik".

Bu saytlar internet resurslarının müntəzəm monitorinqini aparmağa və sayt sahibinə elektron ünvan və ya SMS üzrə daim monitorinqin hesabatlarını göndərməyə imkan verir.

Şöbə müdirinin sözlərinə görə, əksər hallarda elektron KİV-lər elektron ünvanla sistemə daxil olan troyan proqramlarının qurbanlarına çevrilirlər: "Elektron KİV-lərin müntəzəm olaraq üzləşdiyi problemlərdən biri də veb-serverlərə olan DDOS hücumlardır. Cinayətkarların belə fəaliyyətləri bütün sistemi sıradan çıxarmağa qadirdir. Bu problemi aradan qaldırmaq üçün serverlərin bütün istifadə olunan proqram təminatlarını daim yeniləmək lazımdır".

O vurğulayıb ki, davamlılığı gücləndirmək üçün informasiya kontentinin müntəzəm olaraq ehtiyat surətlərini yaratmaq lazımdır: "Daim saytın penetrasion testləri keçirilməlidir. İnternet resursu ilə bağlı hər hansı insident yaranacağı təqdirdə, yalnız öz resurslarından istifadə etməklə ilk növbədə saytın işini bərpa etmək vacibdir. Növbəti addım sosial şəbəkələrdəki parolları daxil etməklə bütün mövcud parolların dəyişdirilməsidir. Çünki onlar da sistemin dağıdılmasına səbəb ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti