Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) uşaq və yeniyetmələrin internetin mənfi təsirindən qorunması məsələsinin hüquqi tənzimlənməsinin tərəfdarıdır. Bunu Trend-ə RYTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkədə bu istiqamətdə zəruri addımlar qəbul edilmiş beynəlxalq normalara müvafiq olaraq atıla bilər: "Yeniyetmələrin internetin mənfi təsirindən qorunması nazirliyin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi haqqında nizamnamədə əks olunub. Bununla əlaqədar olaraq, mərkəzin səlahiyyətlərinin artırılması və onun bu problemin tənzimləməsində daha çox imkanlarının olması məqsədəuyğundur".
Qanunvericilikdə əksini tapa biləcək yeniyetmələrin internetin mənfi təsirindən qorunmasına yönəldilmiş təklif RYTN, Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlana bilər.
B.Məmmədov qeyd edib ki, bu təkliflər razılaşdırılmalıdır, bundan sonra ölkə qanunvericiliyində öz əksini tapa bilər: "Sadalanan strukturların iştirakı ilə işçi qrupunun formalaşdırılması məqbul ola bilər. Qrup mövcud problemlə məşğul ola bilər".
Onun sözlərinə görə, hazırda zərərli internet-kontentə çıxışın məhdudlaşdırılması internet-provayderlər səviyyəsində həll olunur: "Lakin bu məsələnin həll olunması cavabdeh orqana tapşırılmalıdır, çünki bu sahədə yaranan problemlərlə əlaqədar hər dəfə məhkəmənin qərarını almaq yorucudur".