Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
"Azərsu" ASC-nin abonentləri sudan istifadəyə görə borcun olması barədə arayışı elektron formada əldə edə biləcəklər. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, elektron arayışın əldə edilməsi xidmətindən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq. Servis "Elektron hökumət" (e-gov.az) portalında əlçatan olacaq.
A.Cəbrayıllı qeyd edib ki, bu prosedurun avtomatlaşdırılması abonentlərə sudan istifadəyə görə borcun olub-olmaması barədə arayışı operativ əldə etməyə imkan yaradacaq: "Əksər hallarda göstərilən arayış daşınmaz əmlakın alışı və ya satışı zamanı tələb olunur. Arayışın hüquqi qüvvəsi olacaq".
O əlavə edib ki, əhali, həmçinin "Texniki şərtlər"i əldə etmək üçün elektron formada müraciət etmək imkanı qazanacaq: "Bunun üçün şəxsiyyət vəsiqəsinin və daşınmaz əmlak üzrə mülkiyyət hüququ barədə sənədin surətlərini təqdim etmək lazım olacaq".