...

"Azercell" "TurkCell"in mülkiyyətinə keçə bilər

Telekommunikasiya Materials 18 Sentyabr 2015 16:15 (UTC +04:00)
Türkiyənin iri mobil operatoru "TurkCell" Azərbaycanda "TeliaSonera"nın aktivlərinin əldə edilməsi məsələsi üzrə danışıqlara başlayır.
"Azercell" "TurkCell"in mülkiyyətinə keçə bilər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Türkiyənin iri mobil operatoru "TurkCell" Azərbaycanda "TeliaSonera"nın aktivlərinin əldə edilməsi məsələsi üzrə danışıqlara başlayır. Bunu Trend-ə "TurkCell" şirkətindəki mənbə deyib.

Mənbə qeyd edib ki, "Azercell Telecom" MMC və "TurkCell" arasında sonuncunun Azərbaycanın mobil operatoru üzərində idarəetməni əldə etməsi barədə danışıqların gələn həftənin əvvəlində Bakıda keçiriləcəyi gözlənilir: "Azercell Telecom"un "TurkCell"in mülkiyyətinə verilməsi ehtimalı 80-90 faiz səviyyəsində qiymətləndirilir".

"TeliaSonera" brendinin vahid rəmzinin (bənövşəyi rəngli daş) dəyişdirilməsi məsələsinə gəlincə, "TeliaSonera Eurasia" şirkətindən bildiriblər ki, şirkətlər qrupu yeni səhmdarlar olmayanadək ümumi rəmzlə fəaliyyət göstərəcək: "Biz hələ bu suala cavab verə bilmərik. Şirkətin yeni səhmdarları olmayanadək hər şey əvvəlki kimi qalacaq".

Qeyd edək ki, sentyabrın 17-də "TeliaSonera" şirkətlər qrupu Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə məlumat yaymışdı. Məlumatda deyilir ki, bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən "TeliaSonera" özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti