Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan fiksasiya olunmuş genişzolaqlı internetin inkişaf səviyyəsi üzrə 189 ölkə arasında 52-ci yeri tutub. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) "Genişzolaqlı rabitənin vəziyyəti-2015" hesabatında deyilir.
Hesabat 2014-cü ilin nəticələri üzrə hazırlanıb. Azərbaycan 2011-ci ilin göstəricilərilə müqayisədə mövqeyini 6 bənd yüksəldib.
ITU-nun hesablamalarına görə, Azərbaycanda hər 100 nəfərə 19,8 internetə qoşulma düşür. Respublika üzrə mobil genişzolaqlı internetə giriş səviyyəsi 46,8 faiz təşkil edir. Azərbaycan bu göstərici üzrə 68-ci yeri tutur.
Azərbaycanda ev istifadəçiləri arasında genişzolaqlı internetə giriş indeksi üzrə 54,6 faiz göstərici ilə 133 ölkə arasında 26-cə yerdə qərarlaşıb. Qlobal şəbəkənin fərdi istifadəçilərinin sayına görə isə ölkəmiz 61 faiz göstəricilə 191 ölkə arasında 63-cü olub.
ITU-nun məlumatına görə, Azərbaycan 61 faiz göstəricilə fərdi internet istifadəçilərinin sayı üzrə 25-cidir (140 inkişaf etməkdə olan ölkə sırasında).