...

Əli Abdullayev: Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq

Telekommunikasiya Materials 26 Aprel 2017 13:18 (UTC +04:00)
Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq.
Əli Abdullayev: Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq

Bakı. Trend:

Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev “Azərbaycanda innovasiya potensialı” adlı konfransda çıxışında deyib.

Ə.Abdullayev bildirib ki, sürətlə inkişaf edən Azərbaycan artıq tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub: "Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları daha çox innovasiyalar amilinə söykənir. Məhz bu amil Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb və əsas hədəflər müəyyən olunub. Digər sahələr kimi, Azərbaycanda iqtisadiyyatın innovativ inkişafı da ölkə rəhbərliyinin diqqət mərkəzindədir".

Nazirin birinci müavini əlavə edib ki, innovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atılıb, qanunvericilik bazası təkmilləşdirilib, sənaye və texnoloji parklar yaradılıb: Dövlət başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması da ölkəmizin innovativ inkişafına yönəlmiş önəmli addımlardandır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və onun həyata keçirliməsi üzrə Dövlət Proqramı təsdiq edilib və yüksək texnologiyalara əsaslanan innovativ inkişafın yeni prioritetləri müəyyən olunub".

O bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı digər beynəlxalq təşkilatlarla birlikdə hər il Qlobal innovasiya indeksinə görə dünya ölkələrinin qiymətləndirilməsini aparır:

"Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun son hesabatında innovasiyanın tətbiq səviyyəsini xarakterizə edən əsas göstəricilərdən olan rəqabətqabiliyyətlik indeksinə görə Azərbaycan dünyada 37-ci yerdədir. İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. Bu sektor milli innovasiya sisteminin əsas komponenti olmaqla bərabər, təhsil, səhiyyə, kənd təsərrüfatı, sosial sahələrdə də innovasiyaların tətbiqinə geniş imkanlar açır.

Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” təsis edilib, həmçinin Mingəçevir şəhərində “Yüksək Texnologiyalar Parkı” yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir. Belə ki, parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən azad edilir. Hazırda texnoloji parkların fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni istehsal müəssisələrinin yaradılması üzrə işlər aparılır. İnnovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə Texnoparkda Biznes İnkubasiya Mərkəzi yaradılıb və burada rezidentlərin fəaliyyəti üçün münbit ekosistem mövcuddur. Biznes inkubasiya mərkəzinə yüzlərlə müraciət daxil olmuşdur və hazırda startap layihələrindən bir qismi inkubasiya mərkəzində öz fəaliyyətini davam etdirir".

Ə.Abdullayev əlavə edib ki, bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb:

"Mərkəz yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində elmi tədqiqat və elmi-təcrübi işlərin aparılması, elm, texnika və texnologiyaların inkişafı üçün prioritet olan istiqamətlər üzrə işlər aparır. Bununla yanaşı, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi göstərilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən startap layihələrinə qrantlar ayrılır və innovativ ideyalar biznesə çevrilmək üçün dövlətimizdən dəstək alırlar. Kommersiyalaşmış uğurlu innovativ layihələrə güzəştli kreditlər verilir və daha uğurlu layiləhərin maliyyələşməsi üçün Fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan 600-dən çox layihədən 100-ü artıq maliyyələşdirilib. Hazırda 5-ci qrant müsabiqəsinə yeni layihələr qəbul olunur. Bu, dövlətimizin innovativ iqtisadiyyata və yüksək texnologiyaların inkişafına dəstəyinin ən uğurlu göstəricilərindən biridir".

Onun sözlərinə görə, bununla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq Start-up günləri təşkil edir. Gəncləri, tələbələri start-up hərəkatına cəlb etmək üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən universitetlərdə görüşlər, seminarlar keçirilir. Xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər aparılır. Bu günlərdə Rusiyanın Skolkovo Fondu ilə birgə təşkil olunmuş “Açıq İnnovasiyalar” Startap Turu da buna misal ola bilər:

"Biz innovasiya, rəqəmli iqtisadiyyat sahəsində beynəlxalq səviyyədə aktiv əməkdaşlıq aparır, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə iştirak edirik. Həmin Proqram çərçivəsində Azərbaycan “İKT tədqiqat və innovasiya infrastrukturu” üzrə əlaqələndirici ölkə seçilib. Ölkəmizdə aparılan innovasiya siyasətinin əsas xüsusiyyətlərindən biri də onun bütün sahələri, o cümlədən dövlət idarəçiliyini əhatə etməsidir. Bu çərçivədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “Elektron hökumət” layihəsi də innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, innovativ idarəetmə modeli hesab olunan "Elektron hökumət" portalı ölkəmizdə 2012-ci ildən fəaliyyətdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portalın istifadəyə verilməsi ilə dövlət qurumlarının informasiya sistemləri arasında qarşılıqlı əlaqə sürətlənib, informasiya ehtiyatlarının təşkili sahəsində vahid standartların müəyyən olunması istiqamətində işlər görülüb. Bu istiqamətdə aparılan işlər sayəsində hazırda 87 qurumun, o cümlədən 42 dövlət qurumunun 446 elektron xidmətini vahid məkanda birləşdirən Elektron hökumət portalı vətəndaşların ixtiyarındadır. Portal ən çox müraciət olunan xidmətləri bir yerdə toplamaqla, Onlayn Konsultasiya, Mənim xidmətlərim, Əks Əlaqə kimi əlavə yardımçı funksionallıqların dəstəyi ilə istifadəçilərə rahat, şəffaf və səmərəli xidmət təqdim edir. Yeri gəlmişkən, qeyd edim ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 12 elektron xidməti "Elektron hökumət" portalında mövcuddur. Tərəfimizdən hazırlanmış portalın mobil tətbiqi vasitəsilə hazırda 12 elektron xidmətdən istifadə və 6 arayışın alınması mümkündür. Xidmətlərin sayının artırılması istiqamətində intensiv işlər aparılır. Bu, müasir dünyada inkişaf etmiş ölkələrdə ən vacib innovativ xidmət standartı hesab olunan “Mobil hökumət”in ölkəmizdə də qurulması istiqmətində atılan uğurlu başlanğıc hesab oluna bilər".

Ə.Abdullayev bildirib ki, nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron sənəd mübadiləsinin əsas vasitələrindən olan elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza sertifikatı təqdim etməklə yanaşı, digər elektron imza mərkəzlərini də akreditasiya edir və sertifikatlaşdırır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim olunub. Bu istiqamətdə atılan növbəti innovativ addım elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir. Nazirlik bu layihənin icrasını "Microsoft" şirkəti ilə birgə uğurla həyata keçirir:

"İndi isə, ölkəmizin innovativ xidmətlər və elektron inkişaf indeksinə görə əldə etdiyi nailiyyətlərə nəzər salaq. BMT-nin Elektron Hökumətlə bağlı 2016-cı il hesabatında 193 ölkə arasında Azərbaycan 12 pillə irəliləyərək 68-ci yerdən 56-cı yerə, elektron iştirak indeksinə görə isə 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib. Beynəlxalq Telekommunikasiya İttifaqı və Yunesko tərəfindən yaradılmış “Geniş zolaqlı Komissiyanın 2016-cil hesabatında Azərbaycan internet istifadəçilərinin sayına görə 191 ölkə arasında 36-cı, inkişaf etməkdə olan 147 ölkə arasında isə 11-ci yeri tutub. İnkişaf etməkdə olan ölkələrdə internetə qoşulmuş ev təsərrüfatı sayına görə isə Azərbaycan 138 ölkə arasında 13-cü yerdədir".

Nazirin birinci müavini vurğulayıb ki, hazırda internet üzərindən təqdim olunan məhsulların böyük bir hissəsi əqli mülkiyyət hüququnun obyektləridir. Bu isə əqli mülkiyyət hüquqlarının daha etibarlı qorunmasını zəruri edir:

"Bildiyiniz kimi, cari ilin mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də sırf əqli mülkiyyətlə bağlıdır. Dəyişikliyə əsasən, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar internet informasiya ehtiyatında yayılması qadağan edilmiş informasiyalar siyahısına daxil edilib. Belə hallar aşkar olduğu təqdirdə, onların internet informasiya ehtiyatından çıxarılması üçün müvafiq tədbirlər görülür. Hesab edirik ki, bu internet mühitində əqli mülkiyyətin qorunmasına böyük töhfə verəcək".

Ə.Abdullayev qeyd edib ki, bu gün ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub:

"Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə Strateji yol xəritələri təsdiq edilib. Bunlardan biri də “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”dir. Bu Strateji yol xəritəsində, elecə də digər müvafiq yol xəritələrində qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texnoparkların inkişafı, innovativ layihələrin dəstəklənməsi və startaplarla əməkdaşlıq istiqamətində fəaliyyətini daha da genişləndirir. Xüsusi qeyd etmək istərdim ki, ölkəmizdə innovativ ekosistemin yaradılması, onun əsas komponentlərinin formalaşdırılması üzrə aparılan işlərdə digər dövlət qurumları aktiv şəkildə iştirak edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti