Bakı. Sədrəddin Ağcayev. Orxan Nəbiyev - Trend:
Azərbaycanda "eManat" ödəniş terminalları şəbəkəsini idarə edən "MPAY" QSC hazırda terminalların yeni əsginasları qəbul etməsi üçün proqram təminatının optimallaşdırılması üzrə işlər aparır.
Bunu Trend-ə "eManat"ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova deyib.
Onun sözlərinə görə, ölkədə 3 mindən çox terminalın proqram təminatı optimallaşdırılacaq:
"Bundan başqa, biz nağdsız ödənişlər sahəsində veb və mobil tətbiqlər vasitəsilə "eManat+" xidmətini təklif edirik. Ödəniş terminalları ilə "eManat+" onlayn xidmətini müqayisə etsək, nağd ödənişlərin daha geniş yayıldığı terminallar liderlik edir".
O qeyd edib ki, buna baxmayaraq, 2019-cu illə müqayisədə 2020-ci ildə "eManat+" vasitəsilə ödənişlərin sayı artıb:
"Həm terminallar, həm də "eManat+" vasitəsilə daha çox mobil rabitə xidmətləri və kommunal xidmətlər üzrə ödənişlər həyata keçirilir. Biz daim proqram təminatını təkmilləşdiririk və istifadəçilərə terminallar və "eManat+" onlayn platforması vasitəsilə hərtərəfli ödəniş imkanları təqdim edirik".
Qeyd edək ki, Mərkəzi Bank bu ay Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əsginaslar dövriyyəyə buraxacaq.