...

"Teknofest" çərçivəsində azərbaycanlı tələbələr robotexnika sahəsində layihə təqdim edəcək (VİDEO)

Telekommunikasiya Materials 24 May 2022 10:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı Trend:

"Teknofest" Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində azərbaycanlı tələbələr robotexnika sahəsində layihə təqdim edəcək.

Bunu Trend-ə "Teknofest"-in iştirakçısı olan "TRobotAZ" komandasının kapitanı Tural Süleymanlı deyib.

Onun sözlərinə görə, hazırladıqları robota Qarabağ torpaqlarının işğaldan azad edilməsinin və Azərbaycan xalqının birliyinin simvolu olan "dəmir yumruq" adını verməkdə əsas məqsəd gələcəkdə də hazırlayacaqları kəşfiyyat bacarıqlarına sahib olan robotun Qarabağ uğuruna bənzər uğurlar əldə edə bilməsidir.

"Beləliklə, biz bu layihəni Teknofest festivalına göndərdik və qəbul edildi. Növbəti mərhələdə isə təchiz olunan detallarla yeni bir robot prototip qurmalı idik. MÜSİAD Azərbaycanın maddi və mənəvi dəstəyi ilə istədiyimiz möhkəm materiallardan ibarət robot prototipinin hazırlanmasına başladıq", - deyə o əlavə edib.

MÜSİAD Azərbaycanın dəstəyi ilə qurulan, Gənc MÜSİAD Azərbaycan üzvlərinin də olduğu “TRobotAZ” komandasının üzvləri eyni zamanda da ADNSU-nun mexatronika və robotexnika ixtisası üzrə tələbələridir. Onlardan biri, komanda üzvü Səyyad Əhədli qeyd edib ki, robot 0-dan başlanılaraq qrup üzvləri tərəfindən istehsal edilib. Robot kəşfiyyat xarakterli olduğu üçün bir qayçı-qol sistemi ilə təchiz edilib, alüminiumdan hazırlanıb və göndərilən planetdə süxurları və ya hər hansı bir cismi kəşfiyyat xarakterli götürə bilər. Eyni zamanda, telimetriya vasitəsi ilə təzyiqi, rütubətliliyi, temperaturu ölçmə qabiliyyətinə malikdir.

Komandanın digər üzvü David Əliyev isə öz növbəsində bildirib ki, robot iki kamerayla təchiz edilib və onlar başqa planetdən olan görüntüləri Yer kürəsinə göndərmək üçün nəzərdə tutulub.

"TRobotAZ" komandasının məsləhətçisi Cavid Alxazov qeyd edib ki, komanda tərəfindən hazırlanan robot yüksək keçidə malikdir. Hər hansı bir sistem zədələnirsə və ya sıradan çıxarsa, digər bir sistem robotun öz işini müvəffəqiyyətlə başa vurmasına şərait yaradacaq.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti