Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat birliyinin (İB) Yardımlı və Masallı telekommunikasiya Qovşağı Yardımlıda mərkəzi və Masallı rayonunun Şərəfə və Köhnə kəndlərində Avtomat telefon stansiyasının tamamilə yenidən qurulması üçün tender elan edib. Trend İB-yə istinadən xəbər verir ki, Masallıdakı tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 yanvar 2007-ci il tarixindən gec olmayaraq TKQ-ya təqdim etməlidirlər. Tenderdə iştirakın qiyməti 1300 manat təşkil edir. Prosedurun özü yanvarın 25-də TKQ-da olacaq.
Yardımlı TKQ üzrə iddiaçıların təklifləri yanvarın 25-dək qəbul olunacaq. Tenderdə iştirakın qiyməti 1000 manat təşkil edir. Tender proseduru Yardımlı TKQ-da 26 yanvar 2007-ci il tarixində olacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mərhələlər üzrə ölkənin bütün bölgələri üzrə analoji tədbirlər keçirir.
Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına əsasən 2008-ci ilin sonunadək ölkədə ən ucqar, dağ kəndləri də daxil olmaqla, bütün bölgələr telefonlaşdırılacaq.
Hazırda ölkə telefon şəbəkəsi üzrə elektron ATS-lərin payı 70%-i, paytaxt üzrə - 80%-i, ölkənin digər bölgələri üzrə 60% -i ötür.