...

"Azərpoçt"un aparatında struktur dəyişiklikləri aparılacaq

Telekommunikasiya Materials 30 Aprel 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" dövlət müəssisəsinin aparatında Dünya Bankı ilə birgə reallaşdırılan layihə ilə əlaqədər struktur dəyişiklikləri həyata keçiriləcək. Bu barədə bazar ertəsi gün nazirlikdən məlumat veriblər.

17,5 mln. dollar dəyərində olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsi Azərbaycanın poçt şəbəkəsinin təkmilləşdirilməsini nəzərdə tutur. Kreditin 12,25 mln. dollarını Dünya Bankı, yerdə qalan hissəsini isə Rabitə Nazirliyi və Azərbaycanın Milli Bankı qismində Azərbaycan hökuməti ödəyəcək.

Nazirlikdən bildiriblər ki, struktur dəyişiklikləri əməkdaşların ixtisara salınmasını nəzərdə tutmur. Bu proses çərçivəsində yalnız vəzifələrin dəyişdirilməsi, yeni bölmələrin yaradılması və mövcud bölmələrin birləşdirilməsi planlaşdırılır. Artıq müəssisənin yeni strategiyası da hazırlanıb.

Hazırda "Azərpoçt" müəssisələrində 4,2 mindən çox əməkdaş çalışır. Müəssisənin aparıtında 93 əməkdaşın işlədiyi 12 bölmə fəaliyyət göstərir. Aparat istiqamətləndirən və nəzarət funksiyasını həyata keçirən orqandır. Bu orqan ölkədə fəaliyyət göstərən bütün poçt müəssisələrinin işinə nəzarət edir.

"Nəzərə alsaq ki, müəssisə maliyyə və bank xidmətlərini göstərəcək, struktur dəyişiklikləri vacibdir. Bu, adi poçt yox, özündə "poçt" və "bank" anlayışlarını əks etdirən müəssisə olacaq" - nazirlikdən bildiriblər.

Struktur dəyişiklikləri ilə yanaşı personalın peşəkarlığının artırılması və yeni xidmətlərlə tanışlıq məqsədilə treninqlərin keçirilməsi vacibdir. Aparatın şöbə müdirlərinin və əməkdaşlarının iştirak edəcəyi treninqlər 2007-ci ilin ikinci yarısına planlaşdırılır.

Layihənin texniki tərəflərinə gəldikdə isə nazirlikdən bildiriblər ki, layihənin əsasını mühasibat uçotunun proqram təminatının hazırlanması təşkil edir. Müəssisənin maliyyə xidmətləri məhz bu sistemin bazasında göstəriləcək.

"Azərpoçt"da maliyyə-bank xidmətlərinin göstərilməsinə bu ilin sonuna kimi başlanılacağı planlaşdırılır. Pilot layihəsi qismində xidmətlər ilkin olaraq Bakı və Sumqayıtda göstəriləcək. Layihə çərçivəsində 1 min yeni iş yerinin açılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti