Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq bütün prezidentliyə namizədlər üçün bərabər şərait yaradılıb.
Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Nəzarət Komissiyasının sədri Rauf Babayev deyib.
O bildirib ki, prezidentliyə namizədlərin imzatoplama kampaniyası artıq başa çatıb:
“Biz partiya olaraq bu mərhələdə heç bir maneə ilə rastlaşmadıq. Bəzi məlumatlar yayılır ki, kimlərsə nə iləsə rastlaşırlar, ancaq biz heç bir yerdə mənfi hallarla rastlaşmadıq. Nə hökumət dairələri, nə polis, nə də imza verən vətəndaşlar tərəfindən hər hansı mənfi halla qarşılaşmadıq”.
R.Babayev seçki mühitini azad və şəffaf dəyərləndirdiyini diqqətə çatdırıb: “İndiyə qədər gedən proseslərə əsasən bunu belə qiymətləndirirəm”.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində 15 nəfərin namizədliyi irəli sürülüb. İndiyə qədər onlardan 7 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim etmiş digər namizədlərin də sənədlərinə baxılır. Prezident seçkilərində 21 beynəlxalq, 22 mindən çox isə yerli müşahidəçi qeydə alınıb.