...

Bəhruz Quliyev: Türkiyədə Prezident İlham Əliyevə böyük rəğbət və ehtiram hissi mövcuddur

Nəzər nöqtəsi Materials 24 Dekabr 2018 17:48 (UTC +04:00)
Türkiyədə Prezident İlham Əliyevə böyük rəğbət və ehtiram hissi mövcuddur.
Bəhruz Quliyev: Türkiyədə Prezident İlham Əliyevə böyük rəğbət və ehtiram hissi mövcuddur

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilməsi bir daha təsdiq edir ki, bu gün ölkələrimiz arasında olan əməkdaşlıq və strateji tərəfdaşlıq faktorları eyni zamanda qardaşlıq telləri ilə sıx bağlıdır.

Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, dövlətimizin başçısının qardaş ölkə tərəfindən belə bir ada layiq görülməsi bilavasitə iki ölkənin xeyrinə gördüyü nəhəng işlərlə bağlıdır: “Əbəs deyil ki, cənab İlham Əliyev daha öncələr də Türkiyə Cümhuriyyətinin müəyyən dövlət qurumları və təşkilatları tərəfindən müxtəlif ali mükafatlara layiq görülüb. Əlbəttə ki, bütün bunlar onun son 15 ildə qardaş Türkiyə ilə səmimiyyət üzərində qurduğu mükəmməl, ideal bir siyasətin məntiqi nəticəsidir".

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev istiqamətləndirdiyi xarici siyasət kursunda - regional sabitlik və təhlükəsizlik məsələlərində, o cümlədən hərbi, iqtisadi, sənaye və s. sahələrində Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə qurub: "Həyata keçirilən ardıcıl layihələrdə iki ölkə həm ideyaverici, həm də təşəbbüskar kimi çıxış edirlər. Bu gün beynəlxalq aləmdə elə ölkələr yoxdur ki, onların Azərbaycan və Türkiyə qədər qardaşlıq münasibətləri olsun. Demək olar ki, bütün beynəlxalq təşkilatlarda, aparıcı qurumlarda ölkələrimiz eyni maraqdan çıxış edir, bir-birini dəstəkləyirlər. Əsas amil də bu reallıq üzərində qurulub və ölkə başçıları arasında qarşılıqlı şəkildə qiymətləndirilməkdədir”.

Baş redaktorun sözlərinə görə, belə bir mükafatın Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılması o qənaətə gəlməyə zəmin yaradır ki, bu gün Türkiyənin bütün bölgələrində İlham Əliyevə böyük rəğbət və ehtiram hissi mövcuddur: "Sözügedən reallıq eyni zamanda ulu öndər Heydər Əliyevin “Bir millət - iki dövlət” kəlamının bariz sübutudur: “Bu baxımdan Prezident İlham Əliyevin “İlin dövlət başçısı” mükafatına layiq görülməsi qeyd edilən reallıqları bütün mənalarda isbatlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti