...

Millət vəkili: Radikal müxalifəti hərəkətə gətirən Azərbaycanı "suriyalaşdırmaq", ölkədə xaos yaratmaq istəyən qüvvələrdir

Nəzər nöqtəsi Materials 25 Yanvar 2019 13:12 (UTC +04:00)
Radikal müxalifəti hərəkətə gətirən Azərbaycanı "suriyalaşdırmaq", ölkədə xaos yaratmaq istəyən qüvvələrdir.
Millət vəkili: Radikal müxalifəti hərəkətə gətirən Azərbaycanı "suriyalaşdırmaq", ölkədə xaos yaratmaq istəyən qüvvələrdir

Bakı. Elçin Mehdiyev - Trend:

Radikal müxalifəti hərəkətə gətirən Azərbaycanı "suriyalaşdırmaq", ölkədə xaos yaratmaq istəyən qüvvələrdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, yanvarın 19-da radikal müxalifət mitinq keçirdi və bəlli oldu ki, ictimai diqqətə çatdırmaq istədikləri fikirlər düz 25 il bundan əvvəl səsləndirdikləri fikirlərin eynisidir. Bu onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, müxalifətin düşüncəsi və müxalifətçilik fəlsəfəsi dəyişməyib:

“Bu düşüncə əvvəlki illərdə olduğu kimi marginaldır, dağıdıcıdır və milli mənafelərimizə ziddir. Elə ona görə də bir neçə müxalif təşkilatın, yaxud partiyanın birgə təşkil etdiyi mitinqə cəmi 2800-ə qədər insan qatıldı ki, bunların da mütləq əksəriyyəti ənənəvi olaraq belə mitinqlərdə iştirak edən bir növ ştatlı mitinqçilərdir. Məsələ ondadır ki, cəmiyyətdə mitinq keçirilməsini aktual edən səbəb yoxdur. Belə olduqda radikal müxalifətin mitinq keçirmək istəyinin iki səbəbi ola bilər. Ya radikallar ictimai nəbzi tuta bilmirlər, ya da mitinqin keçirilməsi xaricdən gələn siyasi sifarişdir və konkret maliyyə dəstəyi əsasında baş tutur. Şübhəsiz ki, ikinci səbəb doğrudur, çünki hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur və bu mərhələ ölkəmizi daha qüdrətli edəcək. Ən vacib məsələ isə odur ki, bu mərhələdə həyata keçirilən dərin islahatlar iqtisadi və idarəetmə sistemimizdə elə radikalların hakimiyyəti dövründə əsası qoyulan xeyli sayda neqativ halları köklü şəkildə sıradan çıxaracaq, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və rolunu daha da artıracaq, Azərbaycanın islahatçı ölkə imicini daha da dərinləşdirəcək və nəticədə dinamik inkişafla müşahidə edilən tərəqqi daha da sürətlənəcək”.

H.Babaoğlunun sözlərinə görə, ən əsas məsələlərdən biri də budur ki, Azərbaycanın yaratdığı yeni geostrateji reallıq 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlara yeni impulslar daxil edəcək və yeni ilin elə ilk ayında baş verənlər də bunu sübut edir:

“Əlbəttə, bunlar anti-Azərbaycan mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Azərbaycanın lehinə formalaşmış bu yeni geostrateji reallığı onun əleyhinə çevirmək üçün ilk növbədə ölkədə xaos yaratmaq, Azərbaycanı "suriyalaşdırmaq", onun beynəlxalq imicini korlamaq hazırda ölkəmizi sevməyənlərin əsas məqsədidir və radikal müxalifəti də hərəkətə gətirən onlardır. Mitinqin arzulanan nəticəni vermədiyini görən radikallar məhz bu məqsədi həyata keçirmək üçün bir gün sonra, yanvarın 20-də milli-mənəvi dəyərimiz olan Şəhidlər xiyabanını ziyarət etmək bəhanəsi ilə süni şəkildə polislə qarşıdurma yaratmağa cəhd göstərdilər və bunu sosial şəbəkələr üzərindən siyasi şouya çevirmək istədilər. Məqsəd Azərbaycanın antidemokratik obrazını yaratmaq, onun beynəlxalq ictimai rəydə imicinə zərbə vurmaq idi. Ancaq bu baş tutmadı, çünki ictimaiyyət nəyin və nə üçün baş verdiyinin fərqindədir. Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin "suriyalaşdırılaraq" xaosa sürüklənməsinə, imperialist mərkəzlərin terror poliqonuna çevrilməsinə izin verməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti