...

"MÜSİAD Azərbaycan"ın rəhbəri: Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir (ÖZƏL)

Nəzər nöqtəsi Materials 6 Mart 2019 09:31 (UTC +04:00)
Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir.
"MÜSİAD Azərbaycan"ın rəhbəri: Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycana xarici investisiyaların cəlb olunması prioritetlərimizdən biridir. Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Ə.Uzun qeyd edib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün ciddi və mühüm addımlar atılıb: “Buna misal olaraq, turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafı üzrə görülən davamlı tədbirləri, islahatları, yeni açılan sənaye parklarını və s. göstərmək olar. Bütün bunlarla yanaşı, sahibkarlığa da ciddi dəstəyin verildiyini vurğulamaq lazımdır”.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın güclənməsi üçün həyata keçirilən tədbirlər təkcə yerli sahibkarların deyil, əcnəbi iş adamlarının da ölkənin müxtəlif sahələrinə investisiya yatırmasına səbəb olur:

“Dünyanın 220 nöqtəsində nümayəndəliyi olan və fəaliyyət göstərən MÜSİAD olaraq biz də üzərimizə düşəni edirik. Fəaliyyət göstərdiyimiz bütün ölkələrdən Azərbaycana investisiya cəlb olunmasında maraqlıyıq və bunun üçün bir sıra addımlar da atırıq. Buna misal olaraq Azərbaycanda gübrə istehsalı üzrə fabrikin tikintisini göstərə bilərəm. Müəssisənin fəaliyyətə başlaması ilə xaricdən gübrə idxalının xeyli azalacağı, hətta gübrə tələbatının tam ödəniləcəyi mümkün olacaq. Gübrə istehsal edən fabrikin yaxın üç ay ərzində Hacıqabulda açılması gözlənilir”.

Ə.Uzun bildirib ki, Azərbaycanda fəaliyyətə başlayan MÜSİAD üzvlərinin qısa müddətdə ölkəyə ciddi strateji investisiyalar yatırması qürurvericidir.

Bakı ofisinin rəhbəri vurğulayıb ki, Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin əsas vəzifələrindən biri üzvlərinin sayının artırılması və daha planlı şəkildə işləməkdən ibarətdir: “Bütün bunlarla yanaşı, gələcəkdə MÜSİAD-ın Azərbaycandakı üzvlərinin ortaq bir şirkətlər qrupu yaradaraq fəaliyyət göstərməsi də nəzərdə tutulur”.

"MÜSİAD Azərbaycan" haqqında məlumat verən Ə.Uzun qeyd edib ki, hazırda Bakı ofisinin İdarə Heyətinin yarısı azərbaycanlı, yarısı isə türkiyəli iş adamlarından ibarətdir: “Ümumilikdə, üzvlərimizin 60 faizini türkiyəli, qalan hissəsini isə azərbaycanli iş adamları təşkil edir. Əminəm ki, bu ilin sonuna qədər azərbaycanlı üzvlərin sayı artacaq. Ümumilikdə MÜSİAD azərbaycanlı və türkiyəli iş adamları arasında fərq qoymur və bunun başlıca səbəbi “bir millət, iki dövlət” prinsipinə sadiq qalmağımızdır".

O əlavə edib ki, keçən il Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi tərəfindən reallaşdırılan "Gənc MÜSİAD" layihəsi davam etdirilir və bu layihənin əsas hədəfi 20-28 yaş arasında olan gənclərin bir araya gətirilməsidir: “Bu layihə çərçivəsində gənclər işlə tanış olacaq və sahibkarlığın incəliklərini mənimsəyəcəklər".

Ə.Uzun bu il üçün qarşıya qoyulan hədəflərdən də danışıb: “2019-cu ildə üç əsas hədəfimiz var ki, bunlardan birincisi sahibkarlığın inkişafı, ikincisi fərdi, üçüncüsü isə kütləvi inkişafdır. Bu məqsədlə Azərbaycanda iş adamlarına təlimlərin keçirilməsinə başlanıb. Mart ayından sonra Türkiyədən öz fəaliyyət sahəsində uğur qazanan iş adamları dəvət ediləcək. Onlarla azərbaycanlı iş adamları arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur ki, bunun da çox effektiv və faydalı olacağını düşünürəm. Keçən il MÜSİAD tərəfindən Türkiyədə təşkil edilən sərgiyə 12 azərbaycanlı iş adamı qatılıb və yeni əlaqələrin qurulması üçün addımlar atılıb”.

15 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərdiyini deyən dərnəyin Bakı ofisinin rəhbəri bildirib ki, Azərbaycanda türkiyəli sahibkarlar üçün ən böyük üstünlük dil fərqinin olmamasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti