Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision 2012" mahnı müsabiqəsində iştirak etmək istəyən turistlərin Azərbaycana əsas axını mayın 20-dən başlayacaq. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, "Eurovision 2012" ilə bağlı hələlik Azərbaycana turist axını yoxdur. Müsabiqə ilə əlaqədar ölkəyə gələnlər hələlik rəsmi nümayəndələr və jurnalistlərdir.
Bağırov indiyədək mehmanxanalarda 5000-ə yaxın qonağın yerləşdirildiyini söyləyib.
O, "Eurovision"la əlaqədar ölkəyə gələcək turistlərin yerləşdirilməsində problemin yaranmayacağını da bildirib.
Bağırov qeyd edib ki, artıq turistlər mehmanxanalarda yerlərini bronlaşdırıblar. AzTA sədri hazırda mehmanxanalarda turistləri yerləşdirmək üçün kifayət qədər yerlərin olduğunu da nəzərə çatdırıb.
"Gələn turistlərin yerləşdirilməsi ilə bağlı heç bir problem yoxdur və bu problem yarana da bilməz. Artıq turistlər tərəfindən rezervasiyalar qəbul olunub. Mehmanxanalarda kifayət qədər otaq yerlərimiz var", - Bağırov qeyd edib.
Bağırov qonaqlar üçün Qəbələ, Qobustan və Abşerona turların təşkil olunduğunu, eyni zamanda, Bakıda şəhər turunun keçirildiyini da xatırladıb.