BMT Təhlükəsizlik Şurası oktyabrın ortalarında BMT-nin Gürcüstandakı missiyasının (BMTGM) mandatının uzadılması haqqında məsələni nəzərdən keçirəcək, ayın əvvəlində Təhlükəsizlik Şurası sədrinin səlahiyyətlərinin icrasına başlamış Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Yesuey brifinqdə jurnalistlərə bildirib, RİA Novosti xəbər verir.
BMTGM-in mandatı oktyabrın 15-də başa çatır. Təhlükəsizlik Şurasının ilkin iş proqramına müvafiq olaraq, mandat haqqında qətnamənin qəbul ediləcəyi iclas oktyabrın 14-nə təyin edilib. Təhlükəsizlik Şurasının üzvləri oktyabrın 9-da bu məsələ ilə əlaqədar məsləhətləşmələr aparacaq, eyni gündə müşahidəçilərin BMTGM-in tərkibində işləyən dövlətlərin nümayəndələri ilə görüşü keçiriləcək.
Rusiya Təhlükəsizlik Şurasında Abxaziyadakı vəziyyətə dair məsələlər nəzərdən keçirilən zaman bu respublikanın nümayəndələrinin iştirakının zəruri olmasını təkid etsə də, Birləşmiş Ştatlar nə onlara, nə də Cənubi Osetiyanın nümayəndələrinə viza vermir.