...

Qadınlara qarşı zorakılıq Əfqanıstanda insan haqlarının pozulmasına ən bariz nümunədir

Dünya xəbərləri Materials 27 Oktyabr 2008 15:35 (UTC +04:00)

Əfqanıstan, Kabil, 27 oktyabr / Trend Ne , müxbir A.Həkimi / Ekspertlərin fikrincə, Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artması insan haqlarının pozulmasına ən bariz nümunədir. Cəmiyyətdə ənənəçiliyin güclü olması və əhali arasında maarifləndirmə işlərinin zəif olması bunun əsas səbəblərindəndir.

Əfqanıstanın İnsan Haqları Komissiyası qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə dövlətin strategiyasında ciddi dəyişikliklər edilməsini tələb edib.

Əfqanıstan İnsan Haqları Komissiyasının rəhbəri Sürəyya Sübhrəng Trend -a müsahibəsində bildirib ki, qadınlara qarşı ayrıseçkilik və zorakılıq hallarının artması onların təkamülünün qarşısını alır.

Məcburi və vaxtından əvvəl nikah, təcavüz, cinsi və fiziki zorakılıq Əfqanıstan qadınlarının əsas problemlərindəndir.

BMT-nin statistik məlumatlarına əsasən, hazırda Əfqanıstanda qızların 75 %-i 16 yaşına çatmamış məcburi şəkildə ərə verilirlər. Həkimlər əfqan analar arasında ölüm hallarının artmasını onların 18 yaşına çatmamış ailə qurmaları ilə əlaqələndirirlər. Psixoloqlar isə vaxtından əvvəl məcburi nikahların yeniyetmə qızlarda ruhi və fiziki xəstəliklərə səbəb olduğunu bildirirlər.

"Kişilərin qadınlara qarşı zorakılığının daha bir təzahürü cəmiyyətdə qadınların öz bacarıqlarını göstərmələri üçün şəraitin yaradılmaması ilə bağlıdır", - deyə Sübhrəng bazar ertəsi Trend -a bildirib.

Əfqanıstan Konstitusiyasında cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağan edilməklə, kişi və qadınlara ictimai həyatda bərabər hüquqlar verildiyi ifadə olunub.

Sübhrəng əlavə edib ki, ölkə qanunlarına əsasən, qızlar 16, oğlanlar isə 18 yaşında yetkinlik yaşına çatmış hesab olunurlar, lakin beynəlxalq qanunlara əsasən, oğlan və qızların yetkinlik yaş dövrü 18-dən hesablanır.

Sübhrəng bildirib ki, Əfqanıstan bir neçə beynəlxalq konvesiyaya üzvdir və beynəlxalq qanunlardan irəli gələn tələbləri ölkədə həyata keçirməyə borcludur. "Əfqanıstanın beynəlxalq konvesiyalara üzv olması ilə ölkədə qadınlara qarşı zorakılıq hallarının azalması ehtimal olunurdu , lakin belə olmadı", - deyə Subhrəng təəssüflə bildirib.

Əfqanıstanın Qadın Məsələləri üzrə Nazirliyinin hüquq bölməsinin sədri Fevziyyə Əmini Trend -a müsahibəsində bildirib ki, ölkədə qadınlara qarşı zorakılıq halları ötən illə müqayisədə artıb.

Qadın Məsələləri üzrə Nazirliyin statistik məlumatına əsasən, cari ilin ilk üç ayında qadınlara qarşı 1000 zorakılıq faktı qeydə alınıb.

"Əfqanıstan cəmiyyətində ənənəçiliyin güclü olması, əhali arasında maarifləndirmə işlərinin zəif olması və iqtisadi vəziyyətin ağır olması qadınlara qarşı zorakılıq hallarının artmasının səbəblərindəndir", - deyə Əmini də qeyd edib.

Əmini əlavə edib ki, ailədə qadınların döyülməsi halları daha çox artıb. Beynəlxalq təşkilatlar və insan haqları üzrə müdafiəçilər Əfqanıstan qadınlarının ailədə həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları barədə dəfələrlə narahtlıqlarını bildiriblər. Əfqanıstan qadınları evdə, iş yerində qərəzli və qərəzsiz şəkildə daim zorakılığa məruz qalırlar.

Əmini cəmiyyətdə qadınlara qarşı zorakılıq hallarını azaltmaq məqsədilə əhalinin xüsusi təlim proqramları, mətbuat və televiziya vasitəsilə maarifləndirilməsini vacib sayır.

"Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artmasının səbəbi gender bərabərliyinin təmin edilməməsi və əhalinin öz hüquqlarını bilməməsi ilə əlaqədardır", - deyə Əfqanıstan parlamentinin nümayəndəsi Fevziyyə Kufi bildirib.

Kufi əhalinin hüquqi və ictimai məsələlərlə bağlı maarifləndirilməsində mətbuat və televiziyanın böyük rola malik olduğunu bildirib.

Kufi bildirib ki, parlamentin Qadın məsələləri üzrə komissiyası qadınların hüquqlarının təmin olunması və onlara qarşı zorakılıq hallarının azaldılması məqsədilə qanunu təsdiqləyəcək.

Əfqanıstanın İnsan Haqları Komissiyasının məlumatına əsasən, qadınlara qarşı zorakılıq hallarının artması qadınlar arasında evdən qaçmaq, özünü yandırmaq, intihar, narkotiklərə aludə olmaq və insan alveri kimi hallara da yol açır.

İnsan Haqları Komissiyasının statistik məlumatına əsasən, cari ildə komissiyada 123 təcavüz, 120 intihar, 44 məcburi nikah və 600 qadınlara qarşı fiziki zorakılıq faktı qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti