Türkiyə məhkəməsi ölkə prezidenti Abdullah Gülün 10 ildən çox müddət əvvəl səs salmış "itən trilyon"a dair iş üzrə mühakimə olunmasını tələb edib. Bu barədə NTV teleşirkətinə istinadən RİA Novosti xəbər verib.
Türkiyədə "itən trilyon" barədə qalmaqal 1990-cı illərin ikinci yarısında baş verib və bu qalmaqal o zaman ölkəni islamlaşdırma cəhdinə görə Konstitusiya Məhkəməsi tərəfindən buraxılan islamyönlü hakim Rifah Partiyasının hesabından izsiz itən pullarla bağlıdır. O zaman partiya rəhbərlərindən biri olan Gül və RP-nın deputat toxunulmazlığı alan bir çox nümayəndələri təqribən altı il bundan öncə başa çatan məhkəmə istintaqından yayınmağa müvəffəq olmuşdular.
NTV-nin məlumatına görə, cinayət işləri üzrə məhkəmə partiyanın itən pullarına dair iş üzrə prosesdə Türkiyə paytaxtı ətrafındakı Sincan qəsəbəsində şübhəli şəxs qismində Gülü dinləmək qərarına gəlib.
"Gül əvvəllər həyata keçirdiyi qanuna zidd hərəkətlərinə, xüsusilə də sənədlərin saxtalaşdırılmasına görə məhkəmə qarşısında durmalıdır", - telekanal qanunvericiliyə prezidentin toxunulmazlıq məsələsi üzrə düzəlişlərin edilməsi fikrini də irəli sürən məhkəmənin qərarını sitat gətirib. Hazırda fəaliyyət gösərən Konstitusiyaya əsasən, toxunulmazlıq hüquq olan Türkiyə prezidenti yalnız vətənə xəyanətdə məhkəmə qarşısında dura bilər.
Məhkəmənin qərarı Türkiyənin Ədliyyə Nazirliyinə göndəriləcək. Bu iş üzrə yekun qərarı Apelyasiya Məhkəməsi verəcək.
Türkiyənin sabiq ədliyyə naziri Hikmət Sami yerli televiziya kanalında məhkəmə qərarını şərh edərək bildirib ki, ölkə prezidenti öhdəliklərini icra edən dövrdə məhkəməyə cəlb edilə bilməz.
Türkiyə prezidentinin mətbuat xidməti elə həmin gün bəyanatla çıxış edərək bildirib ki, "dövlət başçısı Konstitusiyanın müddəaları əsasında vətənə xəyanət halları istisna olmaqla, məhkəmə qarşısında dura bilməz".
Hökumətin rəsmi nümayəndəsi, Baş nazirin müavini Cəmil Çiçək də jurnalistlərlə görüşündə analoji bəyanat verib.