İranda hərbi qüvvələrin paradı keçirilir

Dünya xəbərləri Materials 22 Sentyabr 2009 12:55 (UTC +04:00)

Bu gün İranın böyük şəhərlərində "Müqəddəs müdafiə" həftəsinə həsr olunan hərbi parad başlayıb.

Silahlı Qüvvələrin baş qərargahının rəhbəri general Firuzabadi, Milli Ordunun baş komandanı general Ayətulla Salehi və Sepah keşikçilər korpusunun başçısı Məhəmməd Əli Cəfərinin iştirakı ilə keçirilən hərbi paradda İran Milli Ordusunun müasir texnikaları nümayiş etdiriləcək, İranın İLNA agentliyi xəbər verir.

Hər il İraqın İrana hücum etdiyi tarix İranda "Müqəddəs həftə" kimi qeyd olunur. Bununla əlaqədar Tehranda və digər şəhərlərdə hərbi texnikanın nümayişi ilə hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci ilin sentyabrın 22-də İraqın İranın Xuzestan əyalətinə hücumu nəticəsində baş verib. Müharibə 1988-ci ilin avqust ayında müharibədən əvvəlki vəziyyəti bərpa edən sülh aktının imzalanması ilə başa çatıb.

İran Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, bu il paradda qırıcı təyyarələr, hərbi vertolyotlar, "Yer-Yer", "Hava-Yer" və "Su-Yer" raketləri nümayiş etdiriləcək və yeni hərbi avadanlıqlar sınaqdan keçiriləcək. Hərbi paradın təşkilatçısı general Zabihullah Namurun sözlərinə əsasən, paradda "Şahab-1, "Şahab-2", "Şahab-3" və "Sicil" raketlərinin nümayişi ilə yanaşı, ilk dəfə olaraq raket əleyinə müdafiə sistemi də nümayiş olunacaq.

Tehranda keçirilən hərbi paradda çıxış edən İran Preizdenti Mahmud Əhmədinejadın sözlərinə əsasən, "İran istənilən ölkənin hücumlarından müdafiə oluna bilər".

"İran ona hücum etməyə cürət edən hər bir ölkənin əlini kəsəcək", - Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti