İranın Səhiyyə Nazirliyi "donuz qripi"ndən daha bir nəfərin ölməsi barədə xəbər verib. Bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı yeddi nəfərə çatıb, Press TV agentliyi xəbər verir.
"A/H1/N1" virusunun səbəb olduğu ölümlə nəticələnən halların sayı İranda səkkiz yaşlı qızın ölümü ilə yeddiyə çatıb", - bu barədə ötən çərşənbə günü Səhiyyə Nazirliyinin məruzəsində qeyd olunub.
Bundan savayı, məruzədə deyilir ki, ölkədə indiyə kimi A/H1N1 virusuna yoluxma üzrə 476 hal təsdiqlənib.
İranın səhiyyə dairələri əhalini payız dövründə "donuz qripi" xəstəliyinə yoluxma təhlükəsinin yüksək olması barədə xəbərdar edib.
Əvvəlcə İran hökuməti A/H1N1 virusunun yayılmasının qarşısının alınması məqsədilə müqəddəs Ramazan ayında "Ümrə"ni (kiçik Həcc ziyarəti ) ləğv etdi.
IRNA agentliyinin məlumatına əsasən, İranda "donuz qripi"nə ilk yoluxma halı iyulun 14-də qeydə alınıb.
Bu virusun əsas simptomları bunlardır: yüksək temperatur, öskürək, boğaz ağrısı, zökəm və ya burunun tutulması, bədəndə ağrılar, baş ağrısı, üşütmə və halsızlıq. Virusa yoluxmuş insanların böyük əksəriyyətində həm də diareya və ürəkbulanma qeydə alınır.