Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim bu gün Tehranda İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
"Tehran və Dəməşq arasında əlaqələr bütün sahələrdə inkişaf etməkdədir və regiondakı dəyişikliklər İran və Suriyanın xeyrinədir", - deyə İran Prezidenti Əhmədinejad Suriyanın XİN rəhbəri əl-Müəllimlə görüşü zamanı bildirib.
Əl-Müəllim də öz növbəsində bildirib ki, Suriya və İran arasındakı əlaqələr çox möhkəmdir və heç bir qüvvə bu əlaqələri poza bilməz.
Suriyanın xarici işlər naziri əl-Müəllim ötən gecə İrana səfər edib. Əl-Müəllim ikigünlük səfəri zamanı İran rəsmiləri ilə, o cümlədən iranlı həmkarı Mənuçöhr Müttəki ilə görüş keçirib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər əl-Müəllimin İran rəsmiləri ilə müzakirələrinin əsasını təşkil edir.