İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst, yeni ildə ABŞ-ın "bəzi Qərb ölkələri" ilə birləşərək İran əleyhinə addımlar atacağı barədə yayılan məlumatlara münasibət bildirərək deyib ki, belə vasitələr ifratçı Respublikaçılar tərəfindən sınaqdan keçirilib və nəticə verməyib, ABŞ hazırda belə üsullardan istifadə etməməlidir. Məlumatı İranın rəsmi televiziyası (İRİB) yayıb.
Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, Qərb ölkələrində, xüsusilə də ABŞ-da həqiqətəuyğun olmayan qərarlar verilirsə, mütləq nəticəsiz qalacaq. "Ölkələr arasında münasibətlər milli mənafeyə uyğun qurulur və bir çox ölkələr siyasi məqsədlərə görə öz milli mənafeyini təhlükə qarşısında qoymur", - Mehmanpərəst deyib.
Yanvarın 18-də Almaniya Kansleri Angela Merkel İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Berlin İrana qarşı sanksiyaları şiddətləndirməyə hazırdır.
BMT Təhlükəsizlik Şurası nüvə proqramını dayandırmaq üçün İrana qarşı indiyədək beş qətnamə və üç sanksiya tətbiq edib. Qərb İrandan şübhələnir ki, İran nüvə silahı istehsal etməyə çalışır, İran isə bunu rədd edərək bildirir ki, nüvə proqramı sülhməramlıdır.